Yuxarı

Sona Vəliyevanın “İşığa gedən yol” kitabının təqdimatı keçirilib

Tədbirdə Milli Məclisin deputatları, KİV rəhbərləri və ziyalılar iştirak edib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “İşığa gedən yol” kitabının təqdimat mərasimi keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə Milli Məclisin deputatları, KİV rəhbərləri və ziyalılar iştirak edib.
Əvvəlcə Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da imza mərasimi olub.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov deyib ki, kitab Həsən bəy Zərdabinin ömür yoluna həsr edilib.

O qeyd edib ki, kitabda Həsən bəy Zərdabiyə çox böyük qiymət verilir, onun gördüyü işlər yüksək dəyərləndirilir: “Bu kitab nümunə olmalıdır. Belə kitablar çox yazılmalıdır. Ümumiyyətlə, şəxsiyyətlər haqqında bu cür məlumatların toplanması təqdirəlayiqdir. Biz bunu gənc nəsilə ötürməliyik”.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, tarixi şəxsiyyətlərlə bağlı əsər yaratmaq məsuliyyətli işdir, təəssüflər olsun ki, bu cür əsərlər azdır: “Bu kitabda Həsən bəy Zərdabi haqqında ətraflı məlumat verilir. İndiyə qədər onun ömrünü tam əks etdirən əsərə rast gəlməmişik. Məlumatlara baxanda bilinir ki, kitabın müəllifi xeyli əziyyət çəkib. Çox qiymətli əsərdir. Bu kitab Həsən bəy Zərdabi irsini öyrənənlər üçün nümunədir. Bu əsərdə tarix gözümüzün qarşısında canlanır. Ümid edirəm ki, Sona Vəliyeva digər şəxsiyyətlərlə bağlı da işini davam etdirəcək”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli kitabın müəlifi S.Vəliyevaya təşəkkürünü bildirib: “Bu kitabda Həsən bəy Zərdabinin ömrü əhatə olunub, geniş məlumat verilib. Bu əsər jurnalistlər, tədqiqatçılar üçün mənbə ola bilər. Bu kitabın ərsəyə gətirilməsi hadisədir”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov qeyd edib ki, “İşığa gedən yol” kitabı şuranın Ali media mükafatına layiq görülüb. Ə.Amaşov qeyd edib ki, 20-ci əsrin əvvəllərində Azərbaycanda xeyli tanınmış şəxsiyyət olub, onlar haqqında məlumatların toplanması mühüm məsələdir: “Həsən bəy Zərdabi də belə şəxsiyyətlərdən olub. Bu kitab Həsən bəy haqqında ilk irihəcmli romandır. Bu əsər asan başa gəlməyib. Kitabın müəllifi Sona Vəliyeva bu işin öhdəsində gəlməyi bacarıb. Bu kitab hər kəsin, xüsusilə jurnalistlərin stolüstü kitabına çevrilməlidir”.

Milli Məclisinin deputatı Nizami Cəfərov çıxış edərək kitab haqqında fikirlərini bildirib. Digər iştirakçılar da kitabla bağlı fikirlərini bildiriblər, əsərin əhəmiyyətini vurğulayıblar.

Təqdimat mərasimində çıxış edən kitabın müəllifi Sona Vəliyeva deyib ki, Həsən bəy Zərdabinin həyat yolu həmişə diqqətini çəkib.

O qeyd edib ki, bu kitab böyük araşdırmalardan sonra ərsəyə gəlib: “Həsən bəy Zərdabi, sanki, işıq idi, digərləri də onun ətrafında toplanıb. Maarifçilik ideyalarını təbliğ edib, onun zəngin irsi var. Bizim onlara övlad borcumuz, vətəndaş borcumuz var. Məqamı düşdükcə, borcumuzu qaytarmalıyıq. Bu əsəri ərsəyə gətirərkən yorulmadım, çünki Həsən bəy Zərdabiyə sonsuz sevgim var. Kitabla bağlı rəy yazanlara təşəkkürümü bildirirəm. Bundan sonra da Azərbaycanın həyatında mühüm rol oynayan şəxslərlə bağlı əsərlər ərsəyə gələcək”.

Qeyd edək ki, əsərdə Azərbaycan tarixinin ziddiyyətli dövrü – Rus imperiyasının tərkibindəki illər əks olunub. Tarixi faktlarla zəngin olan iki hissəli roman tarixə ekskurs, iç dialoqların dərinliyi ilə diqqət çəkir. Romanda işıqlandırılan hadisələr oxucuya sadə, bədii dillə təqdim olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi