Kitabxanaların ödənişsiz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müşavirəsi keçirilib

Kitabxanaların ödənişsiz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müşavirəsi keçirilib Nazir bildirib ki, nüsxələri təqdim etməyənlər barədə inzibati xətalar haqqında müvafiq cərimələr tətbiq ediləcək
Ədəbiyyat
28 Fevral , 2017 20:42
Kitabxanaların ödənişsiz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müşavirəsi keçirilib

Bakı. 28 fevral. REPORT.AZ/ Milli Kitabxanada fevralın 28-də kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulması ilə əlaqədar nəşriyyat və poliqrafiya müəssisələrinin, jurnal və qəzet redaktorlarının iştirakı ilə respublika müşavirəsi keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası tərəfindən təşkil edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov müşavirənin mətbu nəşr və materiallarının Milli Arxiv Fondunun yaradılması üçün keçirildiyini bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” qanunlara əsasən Milli Kitabxananın ölkə ərazisində nəşr olunan kitablardan 4 nüsxə, qəzet və jurnallardan isə 2 pulsuz məcburi nüsxə almalı və onların əsasında milli mətbuatın arxiv fondunu yaratmalı olduğunu bildirib. Milli Arxiv Fondunun yaradılması və bu işin təkmilləşdirilməsinin həmişə ölkə başçısının diqqət mərkəzində olduğunu deyən nazir Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə müvafiq Sərəncamından danışıb, məcəllədə kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına əlavələr olunduğunu söyləyib.

“Müşavirədə bununla bağlı mexanizm müzakirə olunur. Milli Kitabxananın nəzdində Milli Arxiv Fondu formalaşmalıdır. Azərbaycandakı bütün nəşriyyatlar tərəfindən buraxılan nəşr məhsulunun nüsxələri təmənnasız olaraq bu fonda təqdim edilməlidir. Əsas məqsəd Milli Kitabxanada mətbu orqanların tarixinin və silsiləsinin yaradılmasından ibarətdir. Bu, bir xəzinə olmalıdır və bu xəzinəyə hər bir buraxılan nəşr daxil edilməlidir. Bu mətbu orqanların tarixi tədqiqatlar, araşdırmalar, gələcək nəsillərə çatdırılması üçün əhəmiyyət kəsb edən məsələdir. Konkret olaraq özəl və ya dövlət nəzdində olan və ya digər formada fəaliyyət göstərən hər bir nəşriyyat hər hansı bir məhsulun bir nüsxəsini mütləq şəkildə, qanun çərçivəsində təqdim etməlidir”, - deyə Ə.Qarayev vurğulayıb.

Nazir bildirib ki, nüsxələri təqdim etməyənlər barədə inzibati xətalar haqqında müvafiq cərimələr tətbiq ediləcək. Birinci dəfə üçün maddi cərimələr olacaq. İkinci dəfədən isə həmin nəşriyyata qarşı daha ciddi tədbirlər görüləcək.

Ə.Qarayev nazirlik tərəfindən xüsusi komissiya yaradıldığını və komissiyanın nüsxələrin təqdim edilməsinə nəzarət etdiyini söyləyib.

Bildirilib ki, bu prosesdə mətbu orqanlar və nəşriyyatlar özləri maraqlı olmalıdır, məsuliyyəti dərk etməlidirlər.

Ə.Qarayev nazirlik və Milli Kitabxananın həyata keçirdiyi bərpa-nəşr layihəsi barədə məlumat verib. Bildirib ki, bu layihəyə əsasən ölkədə və xaricdə az sayda olan kitablar yenidən bərpa edilərək çap olunacaq. Nazir, həmçinin Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi (ALİSA) barədə də söz açıb.

Hər il ölkəmizin bir sıra beynəlxalq kitab sərgilərində iştirak etdiyini, ən yaxşı kitabların bu sərgilərdə təqdim edildiyini söyləyən nazir, sentyabrda Bakıda keçiriləcək beynəlxalq kitab sərgisinə də diqqət çəkib.

Çıxışının sonunda nazir kitabların nüsxələri ilə bərabər elektron formada da təqdim edilməsi təklifini irəli sürüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, mətbu orqan və kitabların gələcək nəsillərə çatdırılması bizim borcumuzdur. Bu işdə çətinlik yaradan məsələlərdən biri də mətbəələrin sayının çox olmasıdır. Ona görə də məcburi nüsxələrin təhvil verilməsi prosesi pozulur. Vüqar Səfərli qəzetlərin nüsxələrinin təhvil verilməsi məsələsinə diqqət çəkərək təklif irəli sürüb. Təklifə əsasən qəzetlər “Azərmətbuatyayımı” ASC-yə müraciət etsinlər və 10 nüsxə kitabxanalara göndərilsin. “Azərmətbuatyayımı” ilə əməkdaşlıq etməyənlər isə özləri təqdim etsinlər.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycanda çıxan bütün mətbu orqanların Milli Arxiv Fondunda toplanılmasına çalışılmalıdır. O, bir sıra ölkələrin arxivlərində olan Azərbaycana məxsus mətbu nəşrlərin nüsxələrinin ölkəmizə gətirilməsini təklif edib.

Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədr müavini Ələddin Əsədzadə müzakirə olunan məsələnin aktuallığından danışaraq naşirlərin üzərinə böyük vəzifə düşdüyünü söyləyib. Nazirlik və Milli Kitabxananın birgə 2011-ci ildən həyata keçirdiyi bərpa-nəşr layihəsinə əsasən 50-dən çox kitab çap etdiklərini söyləyib.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında yeni yaradılan nəşriyyatların məsuliyyət hiss etmələri üçün onların hesabat vermələri, elektron media orqanları ilə bağlı ciddi tədbirlər görülməsi və regionlara olan mətbu orqanların nüsxələrinin təhvil verilməsi təkliflərini irəli sürüb.

Son xəbərlər

Orphus sistemi