Bakı. 23 aprel. REPORT.AZ/ Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. "Report" xəbər verir ki, bu qərar YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında qəbul edilib.
Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-cı ildən qeyd olunur.
Azərbaycanda kitaba tələbat, müəllif hüquqlarının qorunması hansı vəziyyətdədir?
Yazıçı Elçin Hüseynbəyli hesab edir ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün Azərbaycanda da qeyd edilməsi müsbət hal olsa da, bu sahələrdə vəziyyət o qədər də yaxşı deyil: "Çap olunan kitabların çox az hissəsi satılır və oxunur. Son illər bu göstərici nisbətən artsa da, yenə də vəziyyət ürək açan deyil. Kitab müəlliflərinin hüquqlarının qorunması sahəsində də vəziyyət yaxşı deyil. Əvvəlcə onu müəyyən etmək lazımdır ki, kitabın müəlliflik hüququ necə qorunur və ya gələcəkdə necə qorunacaq? İstər çap edilən kitab olsun, istərsə də elektron kitab, hər birinin müəlliflik hüququ qorunmalıdır. Bunun mexanizminin necə olacağını deyə bilmərəm. Bəlkə də sayğac sistemi olmalıdır, yaxud da da yayımçı və müəlliflə müqavilə bağlanmalıdır".
Onun fikrincə, bu sahədə yaranan problemlərin həlli ilə Müəllif Hüquqları Agentliyi məşğul olmalıdır: "Müəlliflik hüququ ilə bağlı başıma gələn bir hadisəni qeyd etmək istəyirəm. 2010-cu ildə "Drujba narodov" jurnalında "Gözünə gün düşür" adlı hekayəm çap olundu. 2013-cü ildə bu hekayənin motivləri əsasında ermənilər film çəkdilər. Hekayənin süjet xəttini tam oğurlamışdılar. Bunu sübut etmək çətin oldu. Müəllif Hüquqları Agentliyinə müraciət etdim. Hekayəyə sertifikat aldım. Uzun çəkişmədən sonra erməni rejissor və filmin yaradıcı heyəti qəbul etdi ki, süjet oxşardır".
"Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs bildirib ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunması vacibdir: "Sevginin də günü olmalıdır, işğalın da, kitabın da. İnsanlar bu günlərə köklənirlər. Dünyada və Azərbaycanda kitabla bağlı günün olması çox alqışlanası haldır. Bu yaxınlarda dünyada ən çox oxunan kitabla bağlı sorğu keçiriblər. 10 ən çox oxunan kitabın arasında birinci yerə "Qurani-Kərim", ikinci yerə "İncil" çıxıb. Nə qədər qəribə görünsə də, üçüncü yerə K.Marks və F.Engelsin "Kommunist partiyasının manifesti" əsəri layiq görülüb. İlin-günün bu vaxtında dünyanı dəyişən 10 kitab sorğusunun nəticələri belə olub. Ən qəribəsi isə odur ki, 10 ən çox oxunan kitabın arasında bədii ədəbiyyat yoxdur. 10-cu yerdə isə Freydin "Yuxuyozmaları" dayanır. Adamlar artıq belə kitablar oxuyurlar. Amma insan kitab oxuyursa, bu, yaxşı hadisədir. Nə qədər mütaliə etsən, insan olaraq bir o qədər varlığını sübut edəcəksən".
Onun fikrincə, kitaba marağın azalması acınacaqlı haldır: "Nə qədər ki, iş adamları, zəngin şəxslər kitab oxumağa meylli deyillər, kitaba sərmayə yatırmırlar, kitaba maraq az olacaq. Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü o zaman tam anlamında bayram olacaq ki, kitab oxuyanlar, sevənlər çoxalacaq. Bu günlə bağlı maraqlı açıqlama və xatırlatma etməyi də, özümə borc bilirəm. "Ulduz" jurnalı olaraq aksiya keçiririk. Bir ədəd "Ulduz" jurnalı alan şəxsə bir kitab hədiyyə edirik. Bu təşəbbüslə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edib. Bu seriyadan Anar,
Qeyd edək ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün elan edilməsi barədə qərarda mədəni ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarlı üsul olması vurğulanır, müəlliflərin cəmiyyətdəki xüsusi rolu qeyd olunur və bununla müəlliflik hüququ institutu dəstəklənir.