Bakı. 16 iyun. REPORT.AZ/ Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin “Şəki teatrı” adlı kitabı çapdan çıxıb.
Bu barədə "Report"a İlham Rəhimli məlumat verib.
“Qanun” nəşriyyatında çap olunan tədqiqat əsəri müəllifin “Azərbaycan teatrı” silsiləsindən növbəti kitabıdır. Bundan əvvəl İ.Rəhimlinin həmin silsilədən “Akademik Milli Dram Teatrı” (3 cild), “Azərbaycan Dövlət Opera və Balet Teatrı”, “Azərbaycan Dövlət Musiqili Teatrı”, “İrəvan teatrı”, “Tiflis teatrı”, “Təbriz teatrı”, “Naxçıvan teatrı, ” “Dövlət Kukla Teatrı” əsərləri işıq üzü görüb.
Kitab dörd bölmələdən ibarətdir: Teatrın təşəkkülü və inkişaf yolu” (1879 – 1933), Mirzə Ələkbər Sabir adına Şəki Dövlət Dram Teatrı (1933 – 1949), Dram dərnəyi və xalq teatrı (1949 – 1975) və Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı (1975 – 2015).
Müəllifin ciddi tədqiqatları nəticəsində kitabda Şəkinin teatr mühiti, sənət ocağının yaradacılıq axtarışları ilə ətraflı tanış olmaq mümkündür.
“Şəki teatrı” kitabında bu kollektivdə səmərəli yaradıcılıq fəaliyyəti göstərmiş aktyorlar, rejissorlar və teatr rəssamları barədə portret-oçerklər də yer alıb. Kitabda həmçinin teatrın müxtəlif dövrlərində hazırlanmış tamaşalardan şəkillər verilib.