Gürcü dilində “Mirzə Fətəli Axundov və Gürcüstan” adlı kitab nəşr olunub

Gürcü dilində “Mirzə Fətəli Axundov və Gürcüstan” adlı kitab nəşr olunub Tbilisi. 28 iyul. REPORT.AZ/ Tbilisidə gürcü dilində “Mirzə Fətəli Axundov və Gürcüstan” adlı kitab işıq üzü görüb.
Ədəbiyyat
28 İyul , 2018 10:15
Gürcü dilində “Mirzə Fətəli Axundov və Gürcüstan” adlı kitab nəşr olunub

Tbilisi. 28 iyul. REPORT.AZ/ Tbilisidə gürcü dilində “Mirzə Fətəli Axundov və Gürcüstan” adlı kitab işıq üzü görüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, kitabda gürcü yazıçı və şairlərinin, jurnalistlərinin və ictimai xadimlərinin Mirzə Fətəli Axundov barəsində yazıları yer alıb.

Bu yazılar ötən əsrin 40-cı illərindən bu günə qədər Gürcüstanın dövri mətbuatında Mirzə Fətəlinin yubiley və anım günləri ilə əlaqədar keçirilən tədbirləri əks etdirir.

Kitabın tərtibçisi, Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu “Report”a açıqlamasında deyib ki, kitab bir neçə ilə hazırlanıb: “Axundovsevərlərə yeni bir hədiyyə olan bu kitab üzərində bir neçə il idi ki, işləyirdim. Ötən əsrin 38-ci ilindən bəri kitab, qəzet və jurnalları gözdən keçirərək Mirzə Fətəli barəsində yazıları bir yerə topladım. Eyni zamanda, Mirzə Fətəliyə və onun ailəsinə aid yeni fotolar üzə çıxartdım və yeni kitab ərsəyə gəldi”.

O qeyd edib ki, 2012-ci ildə bu yazıların əksər hissəsi Azərbaycan dilinə tərcümə edilib, Azərbaycanın Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Bakıda nəşr olunub.

Tədqiqatçı jurnalist, tərcüməçi Mirzə Maşov bundan sonra da axtarışlarını davam etdirib və indiyədək Azərbaycan ictimaiyyətinə məlum olmayan fotolar, yeni yazılar üzə çıxardıb. Həmin materialları bir yerə toplayaraq öz hesabına bu kitabı nəşr etdirib.

Qeyd edək ki, kitabda Gürcüstanın rusdilli dövri mətbuatında Mirzə Fətəli Axundov barədə 40-a qədər müəllifin yazıları verilib. Kitab Lomonosov adına Moskva Dövlət Universitetinin professoru olmuş Əziz Şərifin 1934-cü ildə Tiflisdə nəşr olunan “Türk ədəbiyyatı” kitabının ön sözünün Mirzə Fətəliyə aid olan hissəsi ilə açılır.

“Ümid edirəm Axundovşünaslıq, eləcə də Azərbaycan-Gürcüstan ədəbi əlaqələri sahəsində yeni bir səhifə olan bu kitab gürcü oxucuların da böyük marağına səbəb olacaqdır”- deyə, Maşov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi