Əliağa Vahidin oğlu: “Atam özünü qorumaq üçün içirdi” - MÜSAHİBƏ

Əliağa Vahidin oğlu: “Atam özünü qorumaq üçün içirdi” - MÜSAHİBƏ “Qəzəlxan” filmində atamla bağlı göstərilən faktlar yalandır”
Ədəbiyyat
17 İyun , 2016 18:41
Əliağa Vahidin oğlu: “Atam özünü qorumaq üçün içirdi” - MÜSAHİBƏ

“Qəzəlxan” filmində atamla bağlı göstərilən faktlar yalandır”

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanın görkəmli şairi, qəzəlxan Əliağa Vahidin oğlu Ramiz İsgəndərovun "Report"a müsahibəsi

- Ramiz müəllim necəsiniz? Necə yaşayırsınız?

- Şükür, lap yaxşı yaşayıram. Özümü yaxşı hiss edirəm.

- Uzun illərdir atanızın adını daşıyan kitabxanada çalışdığınızı bilirəm. Hazırda nə işlə məşğulsunuz?

- İndi təqaüddəyəm. Yasamal rayonu Əliağa Vahid adına kitabxanada oxu zalının şöbə müdiri vəzifəsində 20 il işləmişəm. Bir müddət Prezident təqaüdü aldım. İndi onu təqaüd və maddi yardımla əvəz ediblər. Hər ay alıram. Şükür Allaha, şikayətim yoxdur. Yaxşı dolanıram.

- Əvvəlki eviniz köhnə "Dağlı məhəlləsi"ndə olub. Bu evə nə vaxt köçmüsünüz?

- Hə, əvvəllər "Dağlı məhəlləsi"ndə, Ələsgər Ələkbərov küçəsində ikiotaqlı evimiz var idi. Bir vaxtlar atama verilən ev idi. Orada yaşayırdıq. Amma darısqal idi. Bu evə köçəndən rahat yaşayırıq.

- Bu evi sizə dövlət verib?

- Bəli, 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə bu evi mənə hədiyyə veriblər. Prezidentimiz sağ olsun. Həmişə diqqəti üzərimizdə olub.

- Əliağa Vahid dünyasını dəyişəndə sizin 15, bacınızın 10 yaşı olub. 15-16 yaşlı uşağın yaddaşında atası necə qalıb?

- Atamı yaxşı xatırlayıram. Səxavətli, heç kimlə işi olmayan adam idi. Hər gün evimizə çayımız, ətimiz gəlirdi. Xalq Vahidi çox sevirdi və onu dolandırırdı. Yayda şəhərdən bağa gedərdik. Vahidin gəldiyini bilənlər maşının qabağını kəsirdilər. Maşınımıza qarpız, yemiş, pomidor, badımcan, bir sözlə, kimin bostanında nə var gətirib yeşiklə qoyardılar. Atam bacımla mənə limonada, kababa qədər hər şey gətirərdi. Evdə də hər gün ət qutabı bişirdi.

- Özü bişirirdi?

- Yox, ət qutabını anam bişirərdi. Atam yaxşı piti bişirirdi. Bir də yaxşı çay dəmləyirdi. Mənə də çay dəmləməyi atam öyrədib.

- Çay içən idi?

- Hə, çayı çox sevirdi.

- Ramiz müəllim, Əliağa Vahid çaydan başqa, nə içməyi sevirdi? Onun içkiyə meylli olduğu deyilir...

- Deyilənlərə çox qulaq asmayın. Deyilən, yazılan qədər içki içən deyildi. Sərxoş olub heç yerdə yıxılmayıb, heç kimə sataşmayıb. Özünü qorumaq üçün içirdi. Məhz 1937-ci il repressiyasından içki içdiyinə görə canını qurtardı. Onun dediklərinə çox ciddi baxmırdılar. Yenə deyirəm içirdi, amma əyyaş deyildi.

- Bayaqdan evinizə göz gəzdirirəm, atanızla bağlı şəkil, kitab gözümə dəymir. Ailə fotolarınız yoxdur?

- Evdə azdır. Ailəmizə aid bəzi şəkillər və atamın kitabları var. Amma hamısı köhnə evimizdə idi. Sonradan həmin şəkilləri və kitabları Əliağa Vahid adına kitabxanada çalışanda ora apardım. Həmin kitabxanada atamın adına guşə düzəltmişdim. Muzey kimi. Hamısı ordadır.

- Bəs evdə heç nə saxlamadınız?

- Bir neçə kitabı var. İndi göstərərəm (kitabları gətirir). 

- Ramiz müəllim, bir az da uşaqlığınızdan danışın. Siz Əliağa Vahidin ilk nikahından olan övladısınız?

- İlk nikah deyəndə, atamın anamdan əvvəl başqa qadınla münasibətləri olub. Amma uşağı olmayıb. Anamla ailə qurandan sonra mən və bacım Firəngiz anadan olub. Amma atamla anamın rəsmi nikahı olmayıb. Dini kəbinlə yaşayıblar. Neçə dəfə istəyib ki, anamı ZAQS-a aparsın. Anam getmək istəməyib.

- Niyə? Atanızı sevib ailə qurmayıb ki?

- Yox, anam atamı sevməyib. Atam onu sevib. Atamla anamın arasında 30 yaş fərq var idi. Anam ondan 30 yaş kiçik idi. Atamın istedadı, böyük şairliyinə vurulmuşdu. Amma atamı sevmirdi. Həmişə deyirdi: "Sən mənə yaraşmırsan. Mən gözələm, sən çirkinsən" (gülür). 

- Ananız qəşəng xanım olub?

(Söhbətin bu yerində Ramiz müəllimin həyat yoldaşı Səfurə xanım və qızı Zülfiyyə müdaxilə edirlər)

- Səfurə İsgəndərova: Qayınanam hündürboylu, qəşəng xanım idi.

- Deyəsən, tibb bacısı olub. Vahidə iynə vuranda tanış olublar?

- R.İsgəndərov: Yox, anam tibb bacısı deyildi. Ərzaq dükanında işləyirdi.

- Səfurə İsgəndərova: Qayınanam "Torqovı"da "Prodmaq" deyilən dükanda satıcı idi. Mənim xalamla birlikdə işləyiblər. Əliağa Vahid onu dükanda görüb bəyənmişdi. Onu görmək üçün tez-tez dükana gəlirmiş. Qəzəllər yazıb, qayınanamın piştaxtasına atırmış.

- Hər yerdə tibb bacısı olduğu yazılıb. Hətta Əliağa Vahid haqqında çəkilən "Qəzəlxan" filmində də belə göstərilib

- R.İsgəndərov: Həmin filmdə atamla bağlı göstərilən faktlar yalandır. Filmin çəkilişləri vaxtı Vahidin ailəsi ilə məsləhətləşən olmayıb.

- Səfurə İsgəndərova: "Qəzəlxan" filmi ekranlara çıxanda qayınanam sağ idi. Filmə baxıb əsəbləşmişdi. Həmin filmdə bir yer var. Əliağa Vahid tibb bacısına deyir: "Adamın sənin kimi bir arvadı ola". O da deyir: "Məni alsan, niyə gəlmərəm" Qayınanam danışır ki, belə söhbət olmayıb. Mən heç Əliağanı bəyənmirdim. Ondan həm cavan, həm də qəşəngdim. Əliağa mənə yalvarmışdı. Mən ona yox. Rəhmətlik həmişə belə deyərdi. Ona görə də rəsmi nikaha daxil olmadı. Amma Vahid onunla ailəli ola-ola rus qadınla evləndi.

- Rus qadınla rəsmi nikaha daxil oldu?

- Hə, rus qadının adı Fenya idi. Yaşda qayınatamdan çox böyük olub. İçki içən, it saxlayan qadın idi.

- Bəs necə tanış olublar?

- S.İsgəndərova: Qayınanam danışırdı ki, bir müddət ayrı yaşayıblar. Həmin vaxt da onunla tanış olub. Əvvəllər Vahidin paltarlarını yuyurmuş. Sonradan onunla rəsmi nikaha daxil olub.

- Qayınananız nə vaxt dünyasını dəyişib?

- S.İsgəndərova: 1993-cü ildə.

R.İsgəndərov: Atamla tez-tez restorana gedərdik. Məni özü ilə aparırdı. Hara gedirdiksə, atamı sevgi ilə qarşılayırdılar. Bir dəfə oturduğumuz masaya bir nəfər yaxınlaşdı, bizi öz masalarında oturmağa dəvət etdilər. Atamdan xahiş etdilər ki, bizim hər birimizin adına bədahətən şeir de. Atam soruşdu ki, siz kimsiniz? Özünüz haqqında mənə bir-iki cümlə deyin. Birinci dedi: "Mən xeyirxaham, farsam, demokratam". İkinci dedi: "Mən Məhəmmədəm, tatam, demokratam", üçüncü isə dedi: "Mən kürdəm, adım Qaytarandır, demokratam". Atam tez bir qəzəl yazdı:

Hər kəs ki, cahanda dost ola bir xeyirxah ilə,

Keçməz həyatı naleyi-fəryadi-ah ilə.

Gördüm şərabi, xanədə nuri Məhəmmədi,

Sandım behiştdi orası nuri-ilah ilə

Kürd oğlu Qaytaranın elə bir nigarı var,

Bəhs eyləyər bu hüsnü ilə mehri-mah ilə

Vahid, tarix bağışlayar bizi bu günah ilə.

Qəzəl tam olaraq yadımdan çıxıb. Amma sonralar bu qəzəldən adları çıxarıb başqa cür düzəltdi və oxumaq üçün Əbülfət Əliyevə verdi.

- Bəzi məlumatlara görə, Əliağa Vahidin bir çox qəzəllərinə sonralar başqaları sahib çıxıb...

- Elə şeylər çox olub. Axı atam qəzəlləri oturub yazmırdı. Harda gəldi bədahətən deyirdi. Söz gəldi saxlamırdı, tez qəzəl, meyxana kimi deyərdi. Bundan istifadə edənlər çox idi. Məclislərdə atamdan xəlvət, bəzən elə onun yanında dilindən çıxan hər cümləni yazıb aparırdılar və daha sonra öz adlarına çıxırdılar. Kitablarda çap etdirirdilər. Məsələn, ən məşhur şeirləri atamdan oğurluq olan o qədər tanınmış şairlər var ki...

- Ramiz müəllim, bacınız Firəngiz xanım necədir? Necə dolanır?

- Yaxşıdır. Axundov adına kitabxanada işləyir. Bacımla aramızda 6 yaş fərq var. Mən 1949-cu il doğumluyam. Bacım 1955-ci ildir. Heydər Əliyevin dövründə sarayda atamın yubileyi keçirildi. Həmin yubileydən sonra bacıma ev verdilər. İndi çox yaxşıdır, üç övladı var idi. Bir qızı avtomobil qəzasında həlak oldu. Mənim də bir oğlum var idi. Atamın adını qoymuşdum: Vahid. İnstitutun birinci kursunda oxuyurdu. Buzovnada dənizdə batdı.

- Sizin qızınızın adı Zülfiyyədir və Əliağa Vahidin də bu adda sevdiyi qız olub. Yoxsa qızınıza bu adı onun şərəfinə vermisiniz?

- Hə, atamın həyatında çox sevdiyi özbək qızı olub. Adı Zülfiyyə idi. Atası Səmərqənddən Bakıya quru meyvə gətirib satırmış. Atam Zülfiyyənin atası ilə dost olub. Elə qızı da atasının yanında görüb sevib. Qızın arxasınca Özbəkistana gedib. Amma gec olub. Qızı başqasına ərə veriblər. Atam da özbək qızı Zülfiyyəyə şeir yazıb:

Mən mailəm ol yarə, bəs indi necə olsun?

Salmış məni avarə bəs indi necə olsun?

Bir nəfər də atama sataşmaq üçün deyib: "Div aşıq olub qurbağayə, bəs necə olsun?"

- Ramiz müəllim, səhv etmirəmsə siz ixtisasca müəllimsiniz...

- Hə, dil-ədəbiyyat fakültəsini bitirmişəm. Bir müddət Şamaxının Şıxlar kəndində müəllim kimi işləmişəm. Kitabxanada işləmişəm, gözətçi də işləmişəm.

- Bu, nə vaxt olub, kitabxanadan əvvəl, yoxsa sonra?

- Yox, kitabxanadan əvvəl gözətçi kimi işlədim. Sonuncu iş yerim kitabxana oldu. Oradan da təqaüdə çıxdım.

- Səfurə İsgəndərova: Ülviyyə xanım, qayınatam haqqında yazılanların çoxu həqiqətəuyğun deyil. Qayınanam danışardı ki, Əliağa yaxşı geyinərdi. Səfil, sərgərdan kimi deyildi. Mən Ramizlə evlənəndə atasının paltarlarının çoxunu geyib, instituta gedirdi. Paltosunu, köynəklərini tələbəlik vaxtlarında Ramiz geyinirdi. Yəni, yaxşı vəziyyətdə idi. Sonra, "Qəzəlxan" filmində göstəriblər ki, guya Vahid qan qusub.  Qayınanam danışırdı ki, astma xəstəliyi var idi, amma qan qusmayıb. Bunlar düzgün deyil.

- Əliağa Vahidin heykəli əvvəllər Filarmoniya bağında idi. Sonradan heykəlin yeri dəyişdirildi. Bunun səbəbi nə idi?

- Səfurə İsgəndərova: Heykəlin yerinin niyə dəyişdirilməsini biz də bilmirik. Əvvəllər o bağ Vahidin adını daşıyardı. İndi İçərişəhər metrosunun arxasında olan bağda qoyublar. Eybi yox, heç olmasa orada qoyulub. Vahidi xalq unutmur. Hamı onun qəzəllərini bilir, xanəndələr həmişə oxuyur.

- Xanəndələr həmişə onun qəzəllərini oxuyublar. Heç ailəsinə qonorar kimi pul göndərən olub?

- R.İsgəndərov: Sovet Dövründə belə şeylər olub. Amma müstəqillik dönəmində belə şeylər olmayıb. Onu görən xanəndələrdən, musiqiçilərdən heç kim qalmayıb. Əlibaba Məmmədov qalıb. Başqa kim var ki?!

- Əliağa Vahidə əməkdar incəsənət xadimi adı verilib. Amma xalq şairi adı verilməyib.

- R.İsgəndərov: Xalq şairi adını almaq istəyirdi. Amma vermədilər. Buna baxmayaraq, Salam Qədirzadənin köməyi ilə atamı birinci Fəxri xiyabanda dəfn etdilər. Hərçənd, çoxları razı deyildi. Atamın dəfni çox təmtəraqlı oldu. Əliağa Vahidin cənazəsini Yazıçılar Birliyindən Fəxri xiyabana qədər əllərinin üstündə apardılar. Çiyində yox ey, əl üstündə apardılar. Hələ belə şey olmayıb.

Atam o dövrün tanınmış aktyorları, şairləri ilə dost idi. Mirzağa Əliyev, Hacıağa Abbasovla yaxın idi. Seyfəddin Dağlı, Salam Qədirzadə ilə yaxşı münasibətləri vardı.

Son xəbərlər

Orphus sistemi