Yuxarı

Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçirilib

Nazir Əbülfəs Qarayev: O, təkcə Azərbaycanda deyil, həm də bütün Türk dünyasında məşhurdur, sevilir

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Heydər Əliyev Sarayında xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illik yubileyi ilə bağlı tədbir keçirilib.

"Report"un məlumatına görə, yubiley mərasimində baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, hökumət və dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak edib.  

Tədbiri nazir Əbülfəs Qarayev açaraq Bəxtiyar Vahabzadənin böyük şair olduğunu bildirib: "Şairin yubileyi yanvardan bu günədək keçirilir və ilin sonunadək davam edəcək. TÜRKSOY-un təşkilatçılığı ilə Bəxtiyar Vahabzadənin kitabları şəşr edilib. O, təkcə Azərbaycanda deyil, həm də bütün Türk dünyasında məşhurdur, sevilir". 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında milli azadlıq hərəkatının öncüllərindən olduğunu deyib. Onun Azərbaycan ədəbiyyatında ana dili uğrunda apardığı mübarizəni qabardan İsa Həbibbəyli Bəxtiyar Vahabzadəni istiqlal şairi adlandırıb.

Heydər Əliyev Sarayının foyesində şairin indiyədək işıq üzü görmüş kitablarından ibarət sərgi təşkil edilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorlarının ifasında şairin şeirləri səsləndirilib, tamaşalarından parçalar nümayiş edilib. Eyni zamanda, Bəxtiyar Vahabzadə ilə bağlı videoçarx nümayiş edilib, şairin öz ifasında şeirlər, "Muğam" poemasından parçalar səsləndirilib.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev bu il yanvarın 14-də "Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

Xatırladaq ki, Vahabzadə Bəxtiyar Mahmud oğlu 1925-ci il avqustun 16-da Şəkidə fəhlə ailəsində anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakıya köçən B.Vahabzadə orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb.

Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb.

"İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə qoyulub.

O, tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1950-1990-cı illərdə Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb.

B.Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.

Bu poemaya görə 1962 -ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız 2 ildən sonra işə bərpa edilib.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o, cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan,macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.

B.Vahabzadə 2009-cu il fevralın 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi