Yuxarı

Azərbaycanın milli mətbəxi və kulinariyası haqda kitab beynəlxalq müsabiqədə qalib gəlib

Kitab Ən yaxşı Şərqi Avropa Mətbəx Kitabı nominasiyasında birinci yeri tutub

Bakı. 10 iyun. REPORT.AZ/ Çinin Yantay şəhərində keçirilən "Gourmand World Cookbook Awards" müsabiqəsində "The Azerbaijani Kitchen" kulinariya kitabı "Ən yaxşı Şərqi Avropa Mətbəx Kitabı" nominasiyasında qalib gələrək 1-ci yeri tutub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Tədbirdə Azərbaycanı kitabın müəllifləri Tahir Əmiraslanov və Leyla Rəhmanova təmsil edib.

Kitab Azərbaycanın milli mətbəxinin və kulinariya ənənələrinin beynəlxalq səviyyədə təqdim və təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə Böyük Britaniyanın Saqi Books nəşriyyatı tərəfindən nəşr olunub. Kitab beynəlxalq səviyyədə keçirilən "Gourmand World Cookbook Awards" müsabiqəsi çərçivəsində bir neçə mərhələni keçərək final mərhələsinə vəsiqə qazanıb. 

Dünyanın 125 ölkəsindən yüzlərcə nominantın və minlərcə kitabın iştirak etdiyi müsabiqədə "The Azerbaijani Kitchen" kulinariya kitabı ilə yanaşı, Azərbaycan mətbəxindən bəhs edən daha 3 kitab qalib olub.

Bunlar Rusiya təmsilçisi Stalik Xankişiyevin "Kaзaн. Кулинарный самоучитель (Узбекистан, Россия, Азербайджан)", ABŞ təmsilçisi Fəridə Buyuranın "Pomegranates and Saffron (A culinary journey to Azerbaijan)" və İran təmsilçisi Samira Jannatdostun "Samira's İnternational Cookbook " kitablarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi