Yuxarı

Azərbaycan İstanbulda keçirilən beynəlxalq kitab sərgisində iştirak edir

Sərgiyə 30 ölkədən 700 nəşriyyat qatılıb

Bakı. 9 noyabr. REPORT.AZ/ İstanbulun TÜYAP sərgi mərkəzində 34-cü beynəlxalq kitab sərgisi keçirilir. 

"Report" xəbər verir ki, sərgidə 30 ölkədən 700 nəşriyyat iştirak edir. Həmin nəşriyyatlardan 85-i xarici ölkələri təmsil edir. Bu ilki sərginin rəsmi qonağı Rumıniyadır.

Noyabrın 11-dək davam edəcək sərgidə Azərbaycanda nəşr olunan kitablar da təqdim olunur. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sərgidə Azərbaycan bölməsi yaradılıb. 

Bölmədə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, “Kaspi” Şirkətlər Qrupunun, “Hədəf” və “Qələm” nəşriyyatlarının, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının, eləcə də Türkiyədə fəaliyyət göstərən “Araz yayınçılıq” Kitab Evinin Azərbaycan, türk, rus, ingilis, fars və s. dillərdəki nəşrləri sərgilənir.

Bu il keçirilən sərgidə Azərbaycandan 600 adda kitab və albom nümayişə çıxarılıb. Beynəlxalq sərgilərdə oxucuların maraqla qarşıladığı kitabların əksəriyyəti Prezident İlham Əliyevin sərəncamı ilə latın qrafikalı əlifba ilə Azərbaycan dilində çap olunan nəşrlərdir.

Azərbaycan 2008-ci ildən başlayaraq İstanbulda keçirilən beynəlxalq sərgilərdə təmsil olunur.

Azərbaycan bölməsində ümummilli lider Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən nadir kitablar, həmçinin Heydər Əliyev Fondunun iyirmi dildə işıq üzü görən Azərbaycan həqiqətləri ilə bağlı, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrinə dair nəşrlər, Mədəniyyət və Turizm Nazirliyinin çap etdiyi Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanlarını təbliğ edən kitab, jurnal və broşürlər ziyarətçilərə təqdim olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi