"Təbii ki, Fransanın dünya çempionu olmaq şansı var".
Bunu "Report"a açıqlamasında "Qarabağ"ın fransalı futbolçusu Abdullah Zubir ölkəsinin bu il Qətərdə keçiriləcək dünya çempionatında şanslarını dəyərləndirərkən deyib.
30 yaşlı yarımmüdafiəçi "xoruzlar"ı qızıl medallara layiq görsə də, favorit olmadıqlarını söyləyib: "Fransanın Braziliya və Argentina kimi daha güclü yığmaların olduğu çempionatda favorit göstərilməsi çətindir".
Təcrübəli oyunçu "UEFA Millətlər Liqasındakı uğursuz çıxışdan sonra Fransa yığmasının baş məşqçisi Didye Deşam istefaya göndərilməlidirmi?" sualından isə yayınıb: "Bu barədə bir söz deyə bilmərəm. Ümumiyyətlə, heç bir fikrim yoxdur".
İspaniya "Real Madrid"ində oynayan həmyerlisi Kərim Benzemanın "Qızıl top"u qazanmasına da toxunan Zubir 35 yaşlı hücumçunun bu mükafata layiq olduğunu vurğulayıb: "Benzemanın hələ 34 yaşı var, 35 dekabrda olacaq (gülür). "Qızıl top"u qazanmasına çox şad oldum. Son illər karyerasında bir çox maneə və problemlərlə qarşılaşdı. Amma heç vaxt təslim olmadı. Əsl əzmkarlıq nümayiş etdirdi və sonda arzusunda olduğu mükafatı qazandı. Ona görə çox sevinirəm. Buna layiqdir".
Qeyd edək ki, Fransa Qətərdə keçiriləcək DÇ-2022-nin D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq.