QMİ sədri 20 Yanvar hadisələrini dünyaya çatdıran italyan jurnalisti Bakıya dəvət edib

QMİ sədri 20 Yanvar hadisələrini dünyaya çatdıran italyan jurnalisti Bakıya dəvət edib Şeyxülislam Allahşükür Paşazadə ölkədə din-dövlət münasibətləri, bu sahədə həyata keçirilən işlər və tolerantlıq mühiti barədə danışıb
Din
11 Dekabr , 2014 12:11
QMİ sədri 20 Yanvar hadisələrini dünyaya çatdıran italyan jurnalisti Bakıya dəvət edib
Bakı. 11 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İtaliyanın tanınmış “ANSA” informasiya agentliyinin müxbiri Kristina Missorini və Vatikanın “L`Osservatore Romano” qəzetinin əməkdaşı Rosella Fabianini qəbul edib. “Report”un xəbərinə görə, QMİ sədri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv çatdırılması üçün belə görüşlərinin əhəmiyyətli olduğunu bildirib.

QMİ sədri 1990-cı ildə İtaliyanın nüfuzlu “Respublika” qəzetinin müxbiri Etsio Mauroya verdiyi müsahibəni xatırladaraq qeyd edib ki, 20 Yanvar hadisələrindən sonra Azərbaycanın üzləşdiyi informasiya blokadasının yarılmasında həmin müsahibənin böyük rolu olub. Şeyxülislam Sovet ordusunun Bakıda törətdiyi vəhşilik, Azərbaycan xalqının başına gətirilən fəlakət barədə ətraflı məlumat verib və Etsio Mauronun peşəkarlığı sayəsində bu hadisə dünyaya çatdırılıb. Sonrakı günlərdə Britaniyanın “İndependent”, İspaniyanın “Pais” nəşrləri də QMİ sədrinin həmin müsahibəsinə geniş yer veriblər. Şeyxülislam Allahşükür Paşazadə Etsio Mauroya salamlarını çatdırmağı italiyalı jurnalistlərdən xahiş edib və onu Bakıya dəvət etdiyini bildirib.

Söhbət zamanı Şeyxülislam Allahşükür Paşazadə ölkədə din-dövlət münasibətləri, bu sahədə həyata keçirilən işlər və tolerantlıq mühiti barədə məlumat verib. QMİ sədri rəhbərlik etdiyi qurumun son illərdə keçirdiyi beynəlxalq tədbirlər barədə də danışıb. Ermənistanın işğalı nəticəsində Dağlıq Qarabağda dini və mədəni abidələrin dağıdıldığını xatırladan Şeyxülislam Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Sonda Şeyxülislam italiyalı jurnalistlərin suallarını cavablandırıb.

Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev iştirak edib. 

Son xəbərlər

Orphus sistemi