Qax rayonunda "Kürmükoba" bayramı qeyd edilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ildə iki dəfə keçirilən bayramı qeyd etmək üçün minlərlə müsəlman və xristian Kürmük məbədini ziyarət edirlər.
Qaxlılar üçün bu bayramın adı hər zaman “Kürmükoba” bayramı olaraq qalıb və bayram zamanı hər kəs öz dini etiqadından asılı olmayaraq, bu inanc yerini “ocaq” kimi ziyarət edib. Hazırda da qədim mərasim ayini olan “Kürmükoba” bayramına ətraf bölgələrdən müxtəlif dinlərdən olan minlərlə insan axışır. Xalq öz tarixi yaddaşına sadiq qalaraq "Kürmükoba" bayramında Aya, Günəşə, təbiətə sitayişin izlərini daşıyan qədim ayinlər icra edir, ağaclara əski parçaları bağlayıb, qaya daşların üstündə şamlar yandıraraq niyyət edir, məbəd həyətində mütləq xoruz və ya toyuq, hətta qoyun kəsirlər ki, bu da dinlərin sinkretizminin bir əlamətidir.
Hazırda "Kürmükoba" mərasiminə həm xristian, həm də İslam dini elementləri daxil edilsə də, “Kürmükoba” bayramında qədim inancların qalıqları, təbiət ayinləri özünü daha çox büruzə verir. Bu bayram əslində qədim dövrlərdən bəri təbiət ayini olub, Kürmük çayı ilə bağlı icra edilib. Bu mərasimin may və noyabr – yəni, çayın daşma mövsümündə keçirilməsi isə Kürmük məbədinin, həmçinin Kürmükoba mərasiminin öz adını bölgənin həyat mənbəyi olan gursulu Kürmük çayından götürdüyünü söyləməyə əsas verir.
Dini mənsubiyyətindən asılı olmayaraq, geniş xalq kütlələrinin - istər müsəlman, istərsə də xristian əhalinin elliklə bu bayramda iştirakı Kürmükoba bayramının qədim, ibtidai kökləri olan bir mərasim olduğunu göstərir. Tarix boyu Kürmük çayının şərəfinə keçirilən, Ay və su kultu ilə bağlı qədim məhsuldarlıq ayininin izlərini daşıyan "Kürmükoba" bayramı öz ilkin mahiyyətini itirməyib, yerli əhali bu bayramda qədim alban mədəniyyətinə dayanan ümumazərbaycan ənənələrini yaşatmağa nail olub, Azərbaycan tarixinin ən erkən mərhələlərində meydana gələn qədim dünyagörüşləri əsrlərin süzgəcindən keçirərək qoruya bilib.
"Kürmükoba" bayramını qeyd edənlər gün ərzində Kürmük məbədinə qədər olan məsafəni qət edərək məbədi ziyarət ediblər.