Dövlət Komitəsi sədrinin birinci müavini: "Göy məscid"in İrana icarəyə verilməsi qərəzli məqsəd daşıyır"

Dövlət Komitəsi sədrinin birinci müavini: "Göy məscid"in İrana icarəyə verilməsi qərəzli məqsəd daşıyır" "Ermənistan bununla Azərbaycan xalqının heysiyyatına toxunmaq istəyir"
Din
11 Dekabr , 2015 12:30
Dövlət Komitəsi sədrinin birinci müavini: Göy məscidin İrana icarəyə verilməsi qərəzli məqsəd daşıyır

Bakı. 11 dekabr. REPORT.AZ/ "İrəvandakı "Göy məscid" Azərbaycan xalqına, dövlətinə və mədəniyyətinə aid olan bir dini mərkəzdir. Bu məscidin İrana icarəyə verilməsi çox yanlış qərardır və qərəzli bir məqsəd daşıyır". Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı bildirib.

S.Salahlı qeyd edib ki, Azərbaycan xalqı daim orada öz dini mərasimlərini keçirib və İrəvanda yaşayan azərbaycanlıların ibadət etdikləri ən böyük dini mərkəz olub: "İrəvandakı" Göy məscid" İrəvan xanı Hüseyn Əli xan Qacarın əmri ilə tikilib. Bu məscid İrəvanda yaşayan azərbaycanlıların ibadət etdiyi səkkiz məsciddən biri və İrəvan xanlığının ən böyük məscidi olub".

Komitə rəsmisi vurğulayıb ki, Ermənistan bununla Azərbaycan xalqının heysiyyatına toxunmaq istəyir: "Çox təəssüflər olsun ki, İran İslam Respublikası buna razılıq verib. Əlbəttə, İran tərəfi deyə bilər ki, biz müsəlman məscidini icarəyə götürmüşük, həm də bunu vaxtı ilə iranlı iş adamları təmir ediblər. Biz bunları bilirik, lakin burada incə məqamlar var. Məscidin təmir olunması da Azərbaycan xalqına və dövlətinə aid olan məsələdir. Bu məscid azərbaycanlılarındır və qəsdən ermənilər belə addım atmaqla azərbaycanlıların heysiyyatına toxunmaq istəyirlər".

DQİDK sədrinin birinci müavini onu da əlavə edib ki, məscidin İrana icarəyə verilməsi istər qanuni, istərsə də mənəvi cəhətdən düzgün deyil: "Belə bir hal baş verdiyinə görə DQİDK təəssüf hissi keçirir. Bu məscidin azərbaycanlılar tərəfindən tikilməsi və Azərbaycan xalqına məxsus olması bəyan edilməlidir".

Qeyd edək ki, Ermənistan hakimiyyəti İrəvanda azərbaycanlılara məxsus qədim "Göy məscid"i 99 illiyə İrana icarəyə verib. Ermənistan paytaxtı İrəvandakı "Göy məscid" azərbaycanlılara məxsusdur. O, 1766-cı ildə İrəvan xanı Hüseyn Əli xan Qacarın əmri ilə tikilib. Məscid Azərbaycan memarlıq nümunələrindəndir. Eni 66 metr, uzunluğu 97,2 metrdir. "Göy məscid" İrəvan məscidləri arasında ölçüsünə görə ən böyüyüdür.

Son xəbərlər

Orphus sistemi