"Report" xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı DQİDK sədrinin birinci müavini Səyyad Salahlı açaraq Azərbaycan xalqına qarşı davam edən Ermənistan təcavüzünün qurbanlarının təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarixi, dini və mədəni abidələrimiz, eləcə də müqəddəs ocaqlarımız və məbədlərimizin olması barədə danışıb.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, Bakı Dövlət Universitetinin kafedra müdiri Anar İsgəndərov geniş məruzə ilə çıxış edib.
Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisiy Sveçnikov və Gürcü Yəhudiləri Bakı dini icmasının nümayəndəsi Moisey Bekker mövzu barədə öz fikirlərini bölüşüblər.
Konfransda ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri, ölkəmizin mədəni irsinə qarşı təcavüz faktları, o cümlədən dini-mədəni ibadətgahların mahiyyətinin dəyişdirilməsi barədə müzakirələr aparılıb.