Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən edilməsi prosesinə başlanılıb.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, bu gündən şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayıb.
Müraciətə namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin tərcümeyi-halı və namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti əlavə edilməlidir. Bütün bunlardan əlavə, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər.
Namizədlərin irəli sürülməsi iyunun 20-dək davam edəcək.
Seçki ilə əlaqədar Dövlət Komitəsinin rəsmi elektron poçt ünvanına ([email protected]) və ya inzibati binaya müraciət edilə bilər.