İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 23-cü ili tamam olur.
"Report" xəbər verir ki, bu münasibətlə Komitə, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb. Komitənin əsas fəaliyyət istiqaməti Azərbaycan Konstitusiyasının 48-ci maddəsinə müvafiq olaraq dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin yaradılması ilə bağlıdır.
Dövlət Komitəsinin vəzifələri sırasına dini etiqad azadlığının təmin olunması, dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşması, bu siyasətin həyata keçirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi, dini etiqad sahəsində maarifləndirmə işinin aparılması, dini qurumların dövlət qeydiyyatının həyata keçirilməsi, öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsi, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər daxildir.