Şuşada müzakirə: Dini radikalizmlə mübarizədə ən effektiv üsul maarifləndirmədir

Şuşada müzakirə: Dini radikalizmlə mübarizədə ən effektiv üsul maarifləndirmədir Şuşa şəhərində keçirilən "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" seminarı çərçivəsində "Dini radikalizmlə mübarizə və media" mövzusunda sessiya baş tutub.
Din
24 Sentyabr , 2024 10:38
Şuşada müzakirə: Dini radikalizmlə mübarizədə ən effektiv üsul maarifləndirmədir

Şuşa şəhərində keçirilən "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" seminarı çərçivəsində "Dini radikalizmlə mübarizə və media" mövzusunda sessiya baş tutub.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, sessiyanın moderatoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov olub. O, dini radikalizmin onlayn mediada aktivləşməsi ilə mübarizənin vacibliyini diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə Azərbaycanda medianın azad olduğunu vurğulayıb. O bildirib ki, bununla bərabər din həssas məsələ olduğuna görə, bəzi məqamlarda diqqət edilməli nüanslar nəzərə çarpır:

"Hesab edirəm ki, media dini baxımdan maariflənməlidir. Jurnalistlərin dini savadlılığı onların ərsəyə gətirdiyi məqalələrin keyfiyyətində özünü göstərəcək".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov diqqətə çatdırıb ki, insanların dini inanclarından istifadə edərək Azərbaycana təsir cəhdlərinin qarşısı hüquqi müstəvidə alınır:

"Daxili İşlər Nazirliyi və müvafiq qurumların tərəfindən həyata keçirilən vacib addımlar sayəsində ölkə ərazisində dini baxımdan sabitlik mövcuddur. Dini radikalizmlə mübarizədə ən effektiv silah maarifləndirmədir. Hazırda ölkə ərazisində müxtəlif dinlərə aid icmaların etiqad azadlığı təmin olunur, təhlükəsiz ibadət üçün bütün imkanlar yaradılır".

O düşünür ki, həm ailədə, həm təhsil müəssisələrində dini məsələlərin elmi-pedaqoji müstəvidə öyrədilməsi vacibdir:

"Cəmiyyətdə milli kimliyini formalaşmasında olduğu kimi, dini kimliyin formalaşmasında da medianın rolu vacibdir. Ona görə də bu kimi həssas məsələlərin düzgün işıqlandırılmasında, ictimai nəzarətin formalaşdırılmasında medianın üzərinə məsuliyyət düşür".

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin məsləhətçisi Natiq Mirzəyev isə deyib ki, dövlətin yanaşmasına əsasən, terrorizmlə mübarizə necədirsə, dini radikalizmlə mübarizə də bu cür aparılır:

"Sırf dini ekstremizmə yanaşmada medianın fəaliyyəti dövlət orqanları tərəfindən nəzarət edilir. Çünki media qurumlarında bu istiqamətdə yayılan hansısa zərərli məlumat ciddi fəsadlara səbəb ola bilər. Ola bilər, media nümayəndələri özləri də bilmədən, istəmədən dini məsələlərlə bağlı zərərli və məqsədli məlumatların yayılmasına şərait yarada bilərlər. Ona görə də, medianın bununla bağlı maarifləndirilməsi müsbət haldır".

N.Mirzəyev vurğulayıb ki, "Dini etiqad azadlığı haqqında" qanun 1992-ci ildə qəbul edilsə də, zamanla müvafiq dəyişikliklər edilib.

Sessiya müzakirələr və sual-cavabla davam etdirilib.

Son xəbərlər

Orphus sistemi