Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Bəhailəri Dini Mərkəzinin birgə təşkilatçılığı ilə "Qlobal sülh: elm və dinin harmoniyası konteksində" mövzusunda elmi-praktiki konfrans keçirilib.
"Report"un məlumatına görə, tədbirdə Dini Komitənin rəhbərliyi, deputatlar, dini icma sədrləri və başqaları iştirak ediblər.
Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli bildirib ki, din və elm bir-biri ilə ziddiyyətdə ola bilməz:
"Biz elmlə din arasındakı ziddiyyəti aşmağa cəhd edirik. Son bir neçə əsrin intellektual tarixi bu iki məfhum arasındakı konfliktə şahidlik edir. Din və elmlə bağlı olan heç də bütün konsepsiyalar bir-biri ilə uyğun deyil. Onların yenilənməsinə ehtiyac var. Əgər elmlə din harmoniyada olmalıdırlarsa, onda elm də, din də müəyyən şərtləri yerinə yetirməlidir".
Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, din və elmin harmoniyası gələcək üçün önəmlidir: "Çalışmalıyıq ki, təlatümlü dünyanı nizama salaq".
Din və elmin harmoniyası ətrafında müzakirələrlə davam edən konfrans sual-cavab sessiyası ilə başa çatıb