“Azərbaycanda dini etiqad və vicdan azadlığı konstitusiya normasıdır. Ölkəmizdə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait yaradılıb. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər”.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Azərbaycanda milli-mənəvi dəyərlərə, tarixi-dini abidələrə qayğı siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub: “Məlum olduğu kimi, ümummili lider Heydər Əliyev Azərbaycanda dini etiqad və vicdan azadlığının təmin edilməsində, dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsində, dini-mənəvi, əxlaqi-etik dəyərlərin ictimai münasibətlərin tərkib hissəsinə çevrilməsində müstəsna rol oynayıb. Kimsəyə sirr deyil ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra məhz ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkəmizdə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılmış, bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazası bərqərar olmuşdur”.
Deputat bildirib ki, ulu öndərin müəllifi olduğu ilk milli konstitusiyada vicdan azadlığının təmini ilə bağlı maddənin yer alması milli-mənəvi irsin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə zəmin yaratdı: “1995-ci ildə Azərbaycanın ilk milli konstitusiyasında vətəndaşların vicdan azadlığının təmin olunması məhz yeni dövrdə yeni münasibətlər sistemini yaratdı”.
V.İskəndərov vurğulayıb ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması siyasəti və dövlət-din münasibətləri Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində keyfiyyətcə yeni mərhələyə yüksəlib: “Ölkədə din və vicdan azadlığı tam təmin edilib, o cümlədən dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb. Hazırda respublikada 300-dən çox məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Onu da xüsusi olaraq qeyd edim ki, istər Prezident İlham Əliyev, istərsə də Birinci vitse-prezident Mehriban Əliyeva davamlı olaraq məscidləri ziyarət edir, dini ibadətgahların təmir-bərpası, həmçinin yeni məscidlərin tikilməsini diqqət mərkəzində saxlayrlar. Bu,özünü işğaldan azad olunmuş ərazilərdə də açıq şəkildə göstərir. Bu gün Ağdamda, Şuşada, Zəngilanda bilavasitə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə yeni məscidlər, dini ibadət ocaqları qurulur, yaxud da köhnələr bərpa edilir”.
“Bir sözlə, Azərbaycan hüquqi, dünyəvi dövlətdir, vətəndaşların inanclarına hörmətlə yanaşılır. Ölkəmizdə vicdan, etiqad azadlığına təminat verilir, hər bir vətəndaşın öz dini ehtiyaclarını ödəməsi üçün şərait yaradılır. Vətəndaşlar da dövlətin yaratdığı şəraiti yüksək qiymətləndirməli, milli dəyərlərimizi uca tutmalıdırlar”, - V.İskəndərov əlavə edib.