"Azərbaycan Aşura gününü nümunəvi modeli əsasında, qanvermə aksiyası ilə keçirir" - RƏY

"Azərbaycan Aşura gününü nümunəvi modeli əsasında, qanvermə aksiyası ilə keçirir" - RƏY "Aşura dünya tarixində ən böyük faciələrdən biri olmaqla yanaşı, İslam tarixində dönüm nöqtəsi və bir qəhrəmanlıq salnaməsidir.
Din
6 Avqust , 2022 10:42
Azərbaycan Aşura gününü nümunəvi modeli əsasında, qanvermə aksiyası ilə keçirir - RƏY

"Aşura dünya tarixində ən böyük faciələrdən biri olmaqla yanaşı, İslam tarixində dönüm nöqtəsi və bir qəhrəmanlıq salnaməsidir. İnsanların ali dəyərlər, haqq və ədalət uğrunda uğrunda özünü qurban verməsinin ən bariz nümunələrindən biridir. Heç şübhəsiz ki, İslam peyğəmbəri Həzrət Məhəmmədin nəvəsi Həzrət Hüseynin övladları və yaxınları ilə birlikdə şəhid olması İslam tarixində dərin iz buraxmışdır".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu mənada Aşura sıradan bir dini-tarixi hadisə deyil, müsəlman dünyasında, xüsusən də Azərbaycan tarixində həm də şəhidlik salnaməsidir: "Hər il Aşura mərasimləri ölkəmizdə yüksək səviyyədə qeyd edilir. Bu anım mərasimləri və əzadarlıqla yanaşı, qanvermə aksiyaları da keçirilir. Azərbaycan bu baxımdan nümunəvi ölkələrdən hesab olunur. Bu gün ayrı-ayrı ölkələrdə bu mərasimlər baş yarmaq və qan çıxarmaqla qeyd olunur. Amma Azərbaycan bununla bağlı nümunəvi modelini ortaya qoyaraq qanvermə aksiyası ilə bu aksiyalara öz töhfəsini verib. Yəni insanlar qan çıxarmaq yerinə qanlarını bağışlayaraq bu aksiyalarda fəal iştirak edirlər".

Deputat qeyd edib ki, İmam Hüseynin mübarizəsi haqq və ədalətin bərpası, Vətənə, torpağa sədaqətin nümunəsi idi: "Burada bizim çıxaracağımız bir çox dərslər var. Bu hadisələr Vətən, haqq, ədalət uğrunda canından belə keçməyə hazır olmaq mesajıdır. Bu gün hər birimiz o dövrdə baş verən hadisələrdən nəticə çıxararaq Vətənimizin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda hər an canımızdan keçməyə hazır olmalıyıq. Heç şübhəsiz, Azərbaycanın qəhrəman oğulları 44 günlük müharibədə bu prinsiplərə sadiqlik nümayiş etdirərək Vətən torpaqlarını göz-bəbəkləri kimi qorudular, onun yolunda canlarından keçdilər, yeni qəhrəmanlıq salnaməsi yazdılar".

"Bu baxımdan, Kərbəla hadisələrinə təkcə tarixi konteksdən deyil, həm də şəhidlik məktəbi kimi baxmalıyıq. Bu prinsip və dəyərlərə sadiqliyimizi daha çox xeyir və savab əməllərlə ifadə etməli, şəhidlərimizin xatirəsini hər zaman uca tutmalıyıq. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu qələbəsini təmin etdi. Bu qələbənin daimi və əbədi olması üçün hər birimiz səylə çalışmalıyıq", - C.Məmmədov əlavə edib.

Ceyhun Məmmədov
Ceyhun Məmmədov

Qeyd edək ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib.

Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Belə ki, avqustun 8-də ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçiriləcək.

Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı), Nizami rayonundakı Şah Abbas məscidi, Səbail rayonundakı Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonundakı Qaraçuxur məscidi və Yasamal rayonundakı “Təzə Pir” məscidində qanvermə aksiyası olacaq.

Bölgələrdə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində qanvermə aksiyası keçiriləcək.

Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi İmam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər. Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda qürurverici hadisə kimi daxil olub. İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür.

Son xəbərlər

Orphus sistemi