Bakı. 21 sentyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 23-də Türkiyə Cümhuriyyətinə səfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfərdə məqsəd İdarənin Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Türkiyə Dəyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatı İslam tarix, incəsənət və mədəniyyət tədqiqatları Mərkəzi (İRCİCA) və Türkiyə “Marmara” Universiteti ilə birlikdə bu ilin sentyabr ayının 25-də Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirəcəyi “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında”mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi Ili çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərin ardınca İstanbulda baş tutacaq "İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında" mövzusunda Beynəlxalq Konfransda Azərbaycan Milli Məclis üzvləri, elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcəkdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Türkiyəyə səfəri çərçivəsində Türkiyə Diyanət İşləri Başqanı vəzifəsinə yeni seçilən Əli Erbaş və digər nüfuzlu şəxslərlə görüşləri nəzərdə tutulub.