“Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı deyil, ölkəmizin türk-İslam mədəni və mənəvi irsinə qarşı təcavüz həyata keçirib”.
“Report”un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 3-cü görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı vandalizm aktları, həqarətlər törətmiş, məscidləri tövləyə çevirərək orada İslamda haram sayılan heyvanlar saxlayıblar: “Hətta pravoslav kilsələri və alban-udi məbədlərinin mənşəyi saxtalaşdırılmış, qriqoryanlaşdırılıb. Dövlət rəhbərimizin qətiyyətli siyasi iradəsi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağda tarixi məscidlərimiz və məbədlər nəfis şəkildə bərpa və yenidən qurulmaqda, türk-İslam mədəniyyət xəzinəsinə əvəzsiz töhfələr verilməkdədir”.