Bakı. 21 dekabr. REPORT.AZ/ "İslam Həmrəyliyi İli"nin yekunlaşması ilə bağlı “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans plenar iclaslar formatında işini davam etdirir.
"Report" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi tədbirdə 40 ölkənin tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif dövlət başçılarının xüsusi nümayəndələri, müxtəlif dini konfessiya rəhbərləri iştirak edir.
İclaslarda Əlcəzair, Əfqanıstan, İordaniya, Pakistan, Səudiyyə Ərəbistanı, BƏƏ-nin hökumət və parlament üzvlərinin, müxtəlif ölkələrin dini liderləri, Misirin Baş Müftisi, ABŞ Yəhudi təşkilatları rəhbərlərinin Konfransının sədri, Livanın Maronit kilsəsinin rəhbəri – Antioxiya Kardinal-Patriarxı, İslam Əməkdaşlığı Təşkilatı İdman Federasiyasının Baş katibi və başqalarının çıxışları dinləniləcək.
Beynəlxalq Konfrans iştirakçıları Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayacaqlar.
Sonda Beynəlxalq Konfrans iştirakçıları dövlət başçılarına, beynəlxalq təşkilatlara və dini liderlərə Müraciət qəbul edəcəklər. Müraciətdə Konfrans iştirakçılarının son zamanlar Qüds ətrafında cərəyan edən hadisələrlə bağlı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə dair mövqeyi öz əksini tapıb.