Yuxarı
    Bağlamaq

    Şeyxülislam Allahşükür Paşazadə: "ABŞ Dövlət Departamentinin hesabatları dindarların narazılığına səbəb olur"

    QMİ sədri ravvin Abraham Kuperi qəbul edib

    Bakı. 26 yanvar. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuperi qəbul edib.

    Bu barədə "Report"a məlumat QMİ-nin mətbuat xidmətindən verilib.

    Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər, dini tolerantlıq məsələləri, habelə hazırda dünyada cərəyan edən hadisələr, təhlükəli tendensiyalar və onların fəsadlarının qarşısının alınması ətrafında fikir mübadiləsi aparılıb.

    Şeyxülislam A.Paşazadə bildirib ki, Azərbaycanda müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc, yanaşı yaşayıblar, heç bir vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb.

    QMİ sədri ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğunu, dini abidələrin qorunduğunu söyləyib. O, Azərbaycanda uzun əsrlərdən bəri tolerantlıq ənənələrinin mövcud olduğunu, bu ənənələrin bu gün də davam etdirildiyini, müxtəlif dinlər, məzhəblər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin qorunub saxlandığını qonağın diqqətinə çatdırıb. QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsini əhəmiyyətli hal kimi dəyərləndirərək, Azərbaycanda bunun gündəlik həyat tərzi olmasından qürur duyduğunu bildirib.

    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Şeyxülislam A.Paşazadə ölkəmizin bu problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən tarixi, dini, mədəni abidələrin məhv edildiyini diqqətə çatdırıb.

    Şeyxülislam belə bir məqamı vurğulayıb ki, ABŞ Dövlət Departamentinin müvafiq hesabatları hazırlanarkən, Azərbaycanda müşahidə olunan həqiqətlər, dini icmaların real həyatları düzgün əksini tapsın: "Əks təqdirdə, belə hesabat sənədləri qərəzli kimi qiymətləndirilir və dindarların narazılığına səbəb olur".

    A.Kuper təmsil etdiyi qurumun fəaliyyəti barədə Şeyxülislam A.Paşazadəyə məlumat verib, Azərbaycana bu dəfəki səfərinin də əhəmiyyətli olacağını söyləyib. Azərbaycandakı mövcud tolerantlıq mühitini yüksək qiymətləndirən qonaq diqqətə çatdırıb ki, səfər zamanı ölkəmizin bu sahədəki mövcud dəyərli təcrübəsini bir daha öyrənmək niyyətindədir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi