Yuxarı
    Bağlamaq

    Bakıda "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" mövzusunda beynəlxalq konfrans keçirilib

    Dünyadakı münaqişələrin əksəriyyəti müsəlman ölkələrinin payına düşür© Report.az

    Bakı. 12 aprel. REPORT.AZ/ Bakıda "İslam həmrəyliyi ili" çərçivəsində "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" mövzusunda beynəlxalq konfrans keçirilib.

    "Report" xəbər verir ki, konfrans Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Multikulturalizm Mərkəzi (BBMM) və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə baş tutub.

    Tədbirdə dövlət, elm və ictimai xadimlər, dini konfessiyaların rəhbərləri, Azərbaycanda təmsil olunan diplomatik korpus nümayəndələri iştirak ediblər.

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib ki, sülhə, ədalətə, mənəvi-əxlaqi yüksəlişə xidmət edən müqəddəs İslam dini bütün səmavi dinlərə və onların ardıcıllarına hörmət və ehtiramla yanaşmanı vacib buyurur: “Qədimliyi və müasirliyi özündə təcəssüm etdirən, tarix boyu Şərq ilə Qərb arasında İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib”.

    Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bildirib ki, İslam həmrəyliyi dünyadakı bütün dinlər arasında həmrəyliyi, həmahəngliyi nəzərdə tutur. O qeyd edib ki, hazırda “Azərbaycan multikulturalizmi” fənni dərsliyinin hazırlanması üzərində iş aparılır: “Bu dərslik Azərbaycan multikulturalizmi fənninin bütün sahələrini əhatə edəcək”.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, dünyadakı münaqişələrin əksəriyyəti müsəlman ölkələrinin payına düşür: “İslam dünyasının inkişafını ləngitmək üçün kənardan dünyadakı məzhəblərası münaqişələri daha da qızışdırmaqla bu ölkələrin inkişafına ziyan vururlar. İslam dünyasını qarşı olan dairələr islamafobiya yaradaraq başqa ərazilərdə İslamın yayılmasının qarşısını almağa cəhd edirlər. Terroru İslama bağlamağa çalışırlar. Bütün bunlar isə İslam dünyasını birləşməyə çağıran amildir. İsam həmrəyliyi müasir dünyamızda yaranmış gərginliyin aradan qalxmasına kömək edə bilər”. 

    Tədbirdə həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, akademik İsa Həbibbəyli, akademik Vasim Məmmədəliyev və başqaları çıxış ediblər.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi