Azərbaycanlı tələbələrin Çinin aparıcı universitetlərində təhsil imkanları müzakirə edilib
- 04 noyabr, 2026
- 11:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Qədir Xəlilov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində ölkənin aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşlər keçirib.
Bu barədə "Report"a Dövlət Proqramından məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Tsinxua Universiteti (Tsinghua University) və Pekin Universitetində (Peking University), eləcə də aerokosmik mühəndislik və aviasiya texnologiyaları sahəsində ixtisaslaşmış qabaqcıl ali təhsil müəssisələrindən biri olan Beyhan Universitetində (Beihang University) əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşlər zamanı "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" haqqında ətraflı təqdimat edilib, Proqramın əsas məqsədləri, prioritet istiqamətləri, maliyyələşdirmə mexanizmləri və indiyədək əldə olunmuş nəticələr barədə məlumat verilib.
Müzakirələrdə Azərbaycan və Çin arasında təhsil sahəsində mövcud əlaqələrin inkişaf etdirilməsi, xüsusilə bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə Dövlət Proqramı çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi diqqət mərkəzində olub.
Bu istiqamətdə azərbaycanlı gənclərin Çinin qabaqcıl universitetlərində Dövlət Proqramının prioritet ixtisas istiqamətləri üzrə seçim imkanlarının genişləndirilməsi, həmçinin Azərbaycan və Çinin ali təhsil müəssisələri arasında birgə ikili diplom proqramlarının yaradılması, institusional əməkdaşlığın genişləndirilməsi və tələbələr üçün beynəlxalq təhsil imkanlarının artırılması perspektivləri nəzərdən keçirilib.
Görüşlərin digər əsas istiqamətini Dövlət Proqramı iştirakçılarının akademik və peşəkar inkişafının dəstəklənməsi təşkil edib. Tələbələrin universitetlərin təqdim etdiyi təhsil, tədqiqat və praktiki təcrübə imkanlarından daha səmərəli yararlanması, onların akademik mühitə inteqrasiyasının asanlaşdırılması və mövcud dəstək mexanizmləri barədə məlumatlılığının artırılması məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, təhsil müddətində yarana biləcək ehtiyacların vaxtında müəyyənləşdirilməsi və müvafiq tərəflər arasında əlaqələndirmənin gücləndirilməsi imkanları müzakirə olunub.
İşgüzar səfər çərçivəsində Qədir Xəlilov Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovla da görüşüb. Görüşdə Dövlət Proqramının icrası istiqamətində görülən işlər, beynəlxalq universitetlərlə qurulan tərəfdaşlıqlar və Çin ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişaf perspektivləri barədə məlumat verilib.
Qeyd edək ki, Dövlət Proqramı İdarəetmə Qrupunun beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində həyata keçirdiyi bu kimi görüşlər azərbaycanlı gənclər üçün yeni akademik və peşəkar inkişaf imkanlarının yaradılmasına, dünyanın aparıcı ali təhsil müəssisələri ilə davamlı əməkdaşlıq əlaqələrinin formalaşdırılmasına və Azərbaycan ilə Çin arasında təhsil sahəsində ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.