AMB: "Bank Melli İran"ın fəaliyyətinə yeni məhdudiyyətlər planlaşdırmırıq"
- 29 oktyabr, 2026
- 12:49
Yeniliklərdən dərhal xəbərdar olun!
İran Milli Bankının ("Bank Melli İran") Azərbaycandakı fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı plan yoxdur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfrasında bildirib.
Onun sözlərinə görə, "Bank Melli İran"ın bazar payı 0 %-ə yaxındır. Bank uzun illərdir ki, sanksiyalar altındadır, amma Azərbaycanda fəaliyyətinə davam edir və ona hər hansı yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur. Bank tələblərimizə riayət edir. İndiki halda ölkənin hər hansı bir tədbir görülməsini biz nəzərdə tutmuruq. Bank artıq uzun müddətdir ki, Azərbaycanın bazarında fəaliyyət göstərir və qaydaları başa düşür. Yəni biz hər hansı bir problemlərlə qarşılaşmırıq".
Xatırladaq ki, AMB İran Milli Bankının Bakı filialının ("Bank Melli İran-Baku") fəaliyyətini 2023-cü ildən məhdudlaşdırıb. Tənzimləyici qurum hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırmışdı, lakin son ildə kredit əməliyyatları bərpa edilib.
Bu il oktyabrın 1-nə İran bankının aktivləri 114,281 milyon manat olub ki, bu da illik müqayisədə 5,8 % azdır. Bunun 2,793 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 25,4 % böyüyüb.
Hesabat dövründə İran bankının öhdəlikləri 15 % azalaraq 57,784 milyon manat, o cümlədən depozit portfeli 0,1 % artaraq 35,646 milyon manat, balans kapitalı isə 6 % artaraq 56,497 milyon manat olub.
İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.