Zelenskinin xüsusi nümayəndəsi: "Aİ-yə üzv bəzi ölkələrin qeyri-dost addımı beynəlxalq normalara ziddir"

Zelenskinin xüsusi nümayəndəsi: "Aİ-yə üzv bəzi ölkələrin qeyri-dost addımı beynəlxalq normalara ziddir" "Avropa İttifaqının (Aİ) üzvü olan qonşu ölkələrin bizə qarşı qeyri-dost addımı ticarət əlaqələrinə dair beynəlxalq normalara ziddir. Bəzi qonşu ölkələrin qərarları Beynəlxalq Ticarət Təşkilatının, Aİ-nin qaydalarının pozulması deməkdir".
Digər ölkələr
29 Sentyabr , 2023 16:31
Zelenskinin xüsusi nümayəndəsi: Aİ-yə üzv bəzi ölkələrin qeyri-dost addımı beynəlxalq normalara ziddir

"Avropa İttifaqına (Aİ) üzv olan qonşu ölkələrin bizə qarşı qeyri-dost addımı beynəlxalq normalara ziddir. Bəzi qonşu ölkələrin ticarətlə bağlı qərarları Ümümdünya Ticarət Təşkilatının, Aİ-nin qaydalarının pozulması deməkdir".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenskinin xüsusi nümayəndəsi, Ali Radanın deputatı Fedor Venislavski Polşa, Macarıstan və Slovakiyanın Ukraynadan taxıl tədarükünün dayandırılmasına münasibət bildirərkən deyib.

O hesab edir ki, Ukrayna Aİ-yə və digər ölkələrə məhsullarının sərbəst şəkildə tədarükünə dair bütün hüquqi mexanizmlərdən istifadə edəcək:

"Başa düşürük ki, Ukrayna ilə həmsərhəd, Qərbdən olan tərəfdaşlarımızın bir çox qərarları həmin ölkələrdəki siyasi proseslərlə əlaqədardır. Məsələn, bu ölkələrdə fermerlərin etirazları tədarük bazarlarını itirmələri ilə bağlıdır. Ukraynanın kənd təsərrüfatı məhsulları daha ucuz və keyfiyyətlidir. Beləliklə, bu ölkələrin siyasətçiləri öz seçicilərinə müraciət etməyə məcburdur. Lakin Ukrayna bu istiqamətdə çalışır. Ukrayna əsasən taxıl məhsulları daxil olmaqla, kənd təsərrüfatı mallarını quru dəhlizlə tədarük edir. Amma biz dəniz marşrutunu da tədricən bərpa edirik. Rusiya həmçinin Ukrayna Silahlı Qüvvələrinin uğurlu addımları sayəsində Qara dənizdəki potensialından məhrum olub. Odur ki, fikrimcə, Ukrayna Qara dənizdəki limanlar vasitəsilə ixracı artıracaq. Amma Rusiya buna mane olmağa çalışır. Məsələn, bu ölkə mülki obyektlərə, liman infrastrukturuna zərbələr endirir. Rusiya Qara dənizdəki limanlarını blokadada saxlamaq, tədarüklərə mane olmaqdan beynəlxalq arenada silah kimi istifadə edir. Digər tərəfdən, bununla Ukraynanı zəiflətmək istəyir. Amma fikrimcə, Ukraynanın məhsullarının ixracı ilə bağlı məsələ tədricən həll olunacaq", - əlavə edib.

Son xəbərlər

Orphus sistemi