Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşdən sonra Rusiyaya qarşı neft embarqosunun tətbiq olunacağına əminliyini ifadə edib.
"Report" bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
Dövlət başçısı Aİ-ni Rusiyanın enerji resurslarına tam embarqo tətbiq etməyə çağırıb. Zelenski neft idxalına məhdudiyyətlərin yeni sanksiyalar paketinə daxil edilməsi ilə bağlı gözləntilərini də bölüşüb.
"Mənə elə gəlir ki, Aİ ölkələri embarqo tətbiq etməyə hazırdır. Biz kömür embarqosu tətbiq etməyə nail olduq, lakin Almaniyanın təkidli tələbi ilə bu, dörd ay təxirə salındı. Hesab edirəm ki, bütün digər Aİ dövlətlərinin təzyiqi ilə embarqo tətbiq olunacaq”, - Zelenski qeyd edib.
Şarl Mişel isə bildirib ki, Aİ Kreml üzərində təzyiqi maksimum dərəcədə artırmağa çalışır.