Yunanıstan və Macarıstan qaz tədarükü üçün alternativ variantları müzakirə ediblər
- 22 iyun, 2022
- 16:24
Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto ilə Budapeştə təbii qazın verilməsi imkanlarını müzakirə edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Skrekas macar həmkarına Ukraynadakı hərbi əməliyyatlarla bağlı Yunanıstan hökumətinin ölkəyə qazın fasiləsiz verilməsi planını təqdim edib. Tərəflər Rusiyadan tədarükdə problem yaranacağı təqdirdə Bolqarıstan və Rumıniya vasitəsilə Macarıstana təbii qazın göndərilməsi imkanlarını nəzərdən keçirib.
Həmçinin Rusiyanın enerji resurslarından asılılığa son qoyulmasının, bu baxımdan Şərqi Aralıq dənizində qaz yataqlarının və yaşıl enerjinin inkişafının vacibliyi qeyd edilib.