Yəməndə içərisində 20 raket olan anbar məhv edilib
- 06 oktyabr, 2026
- 09:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada ballistik raketlərin buraxılış qurğusunu və Səədə əyalətində içərisində 20 ballistik raket olan anbarı məhv edib.
"Report" xəbər verir ki, bu barədə "Saudi Press Agency" Yəməndə qanuniliyin dəstəklənməsi üzrə koalisiyanın rəsmi nümayəndəsi general-mayor Türki əl-Malikiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ballistik raket anbarı Səədədəki dağlıq obyektdə yerləşirdi.
Əl-Maliki həmçinin bildirib ki, Sənada ballistik raketlərin buraxılış qurğusu məhv edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası 2015-ci ilin martında Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlayıb. Müxtəlif dövrlərdə koalisiyada Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Misir və bir sıra digər ərəb dövlətləri iştirak edib. Koalisiyanın əsas döyüş əməliyyatları husilərin mövqelərinə, hərbi infrastrukturuna və raket və pilotsuz uçuş aparatı imkanlarına qarşı yönəldilib.