Yaponiyanın Baş naziri Fumio Kisida Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen Inla “istənilən vaxt” və “ilkin şərt olmadan” görüşməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno müntəzəm mətbuat konfrasında jurnalistlərə bildirib.
“Baş nazir Kisida ilkin şərt olmadan istənilən vaxt Sədr Kim Çen In ilə birbaşa təmasa girməyə hazır olduğunu bildirir”, - o qeyd edib. Matsuno vurğulayıb ki, Baş nazir KXDR-ə Yaponiya-Şimali Koreya münasibətlərindəki bütün mövcud problemləri həll etməyə və birlikdə ikitərəfli münasibətlərin “yeni erasının qapısını açmağa” hazır olduğunu çatdırmağa davam edir:
“Zirvə görüşü keçirilməlidir və biz Baş nazirin şəxsi nəzarəti altında keçiriləcək yüksək səviyyəli məsləhətləşmələr vasitəsilə bu istiqamətdə səyləri davam etdirmək niyyətindəyik”.
Daha öncə Kisida, son illərdəki sələfləri kimi, Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılan Yaponiya vətəndaşlarının problemini həll etmək üçün Kim Çen Inla şəxsən görüşməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Şimali Koreyanın kəşfiyyat xidmətləri tərəfindən yaponların oğurlanması mövzusu rəsmi diplomatik əlaqələri olmayan iki dövlət arasında münasibətlərdə ən ağrılı mövzulardan biridir. Belə ki, 2002-ci ildə Pxenyan ilk dəfə yalnız 13 Yaponiya vətəndaşının qaçırıldığını etiraf edib və onlardan beşinin vətənlərinə qayıtmasına icazə verib. Qalanların öldüyü elan edilib, qalıqları isə yaxınlarına göndərilib, onların həqiqiliyini təsdiqləmək mümkün olmayıb. 2014-cü ilin mayında Yaponiya və Şimali Koreya hökumətləri yapon vətəndaşlarının oğurlanması ilə bağlı yeni təhqiqat aparmağa razılaşıb, lakin bununla bağlı komissiya Pxenyanın təşəbbüsü ilə sonradan ləğv edilib.