Yaponiyada həbs edilmiş şəxs şahzadəni bıçaqla vurmaq planını etiraf edib
- 08 may, 2019
- 04:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyada həbs edilmiş şəxs varis şahzadə Akisinonun oğlu, 12 yaşlı şahzadə Hisahitonu bıçaqla vurmaq istədiyini etiraf edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sankey" qəzeti bildirib.
Martın 26-da şahzadə Hisahitonun təhsil aldığı sinif otağının partasında 60 santimetrlik alüminium çubuğuna bağlanmış nizə şəkilli iki bıçaq aşkarlanıb. Üç gün sonra polis əməkdaşları 56 yaşlı kişini həbs edib.
Saxlanılan şəxs Yaponiyanın imperator sistemindən və xüsusilə taxtın varisliyi qaydalarından narazılığını bildirib.
Məlum olub ki, o, qabaqcadan Tokioya gəlib, dəbilqə və xüsusi iş paltarı əldə edərək işçi bəhanəsi ilə şahzadənin oxuduğu məktəbə girib. Bundan sonra şahzadənin və qonşu şagirdin partalarına nizə şəkilli bıçaqları qoyub.
O, istintaqa şahzadəni bıçaqla vurmaq planlarını etiraf edib.