Yaponiya və Hindistan nümayəndələri kiberməkanda əməkdaşlığı müzakirə ediblər
- 15 sentyabr, 2023
- 02:46
Yaponiya və Hindistan nümayəndələri sentyabrın 14-də Uzaq Şərq ölkəsinin paytaxtı Tokioda keçirilən danışıqlarda iki ölkə arasında kiberməkan və əlaqəli texnologiyalar sahəsində qarşılıqlı fəaliyyət məsələsini müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, tərəflər bu sahənin qanunvericiliklə tənzimlənməsi məsələsini qaldırıb, kibertəhlükəsizliyin təmin edilməsi mövzusu ətrafında fikir mübadiləsi aparıb, həmçinin 5G texnologiyası və “Open RAN” sistemi də daxil olmaqla qabaqcıl tərtibatları müzakirə ediblər. Bundan başqa, görüş iştirakçıları Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD, Avstraliya, Hindistan, ABŞ və Yaponiyanı birləşdirir) çərçivəsində iki ölkənin qarşılıqlı fəaliyyətini nəzərdən keçiriblər.
2022-ci ilin sentyabrında Yaponiya və Hindistanın xarici işlər və müdafiə nazirləri Tokioda “iki üstəgəl iki” formatında keçirilən görüşdə kibertəhdidlər və 5G şəbəkəsinin yerləşdirilməsi məsələlərini də müzakirə ediblər.