Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspert qrupunun rəhbəri, zoonoz infeksiyalar və qida təhlükəsizliyi üzrə mütəxəssis Piter Ben Embarek 2019-cu ilin dekabrında Uhan şəhərində koronavirusun yayılması ilə bağlı əldə olunmuş yeni məlumatları açıqlayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Embarek Çinin ÜST mütəxəssislərinə həmin dövrdə qeydə alınan yalnız 174 yoluxma barədə məlumat verib.
“Amma əslində real durum fərqli idi, yoluxma sayı göstəriləndən qat-qat çox idi. Çünki tibbi yardım üçün müraciət edənlər yalnız ağır xəstəlik keçirənlər olub. Hazırkı məlumatlara görə, bu cür xəstələr yalnız 15% nisbətindədir və koronavirus əksər hallarda yüngül keçir”, - o bildirib.
Beynəlxalq ekspert qrupunun rəhbəri 2019-cu ilin dekabrında ilk koronavirus infeksiyasının baş verdiyi Uhan şəhərində azı min nəfərin 13 fərqli COVID-19 ştammına yoluxduğunu düşünməyə əsas olduğunu söyləyib.
O qeyd edib ki, virusun bəzi variantları yerli bazarlardan yayılmağa başlayıb, ancaq bəzilərinin onlarla heç bir əlaqəsi olmayıb.