Ukrayna Rusiyanın Kiyevə endirdiyi gecə zərbələrindən sonra BMT TŞ-nin təcili iclasının keçirilməsinə çağırıb

Digər ölkələr
  • 06 iyul, 2026
  • 13:57
Ukrayna Rusiyanın Kiyevə endirdiyi gecə zərbələrindən sonra BMT TŞ-nin təcili iclasının keçirilməsinə çağırıb

Ukrayna Rusiyanın raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirdiyi kütləvi gecə zərbələrindən sonra BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasının keçirilməsinə çağırıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O, Təhlükəsizlik Şurasının üzvlərini və hazırda TŞ-yə sədrlik edən Konqo Demokratik Respublikasını bu sorğunu təxirəsalınmadan dəstəkləməyə çağırıb.

Nazir vurğulayıb ki, Rusiyanın Ukraynaya hücumlarını yalnız qətiyyətli, prinsipial və vaxtında görülən tədbirlər dayandıra bilər və o, BMT Nizamnaməsinə uyğun olaraq ədalətli və davamlı sülhün bərpası naminə birliyə çağırıb.

Xatırladaq ki, iyulun 6-na keçən gecə Rusiya Kiyevə pilotsuz uçuş aparatları və raketlərlə kütləvi zərbə endirib, nəticədə azı 12 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb. Bu, Rusiya qoşunlarının son bir neçə gün ərzində Kiyevə endirdiyi ikinci genişmiqyaslı zərbədir. İyulun 2-dəki hücum nəticəsində Kiyevdə azı 31 nəfər ölüb.

44 - Tezliklə