“Əgər qazın qiyməti Avropa göstəricisinə uyğun olarsa, Ukrayna Rusiyadan birbaşa qaz tədarükünü nəzərdən keçirə bilər”.
“Report” xəbər verir ki, bunu Ukraynanın enerji və ətraf mühitin mühafizəsi naziri Aleksey Orjel deyib.
“Dörd ildir ki, biz qazı baha qiymətə alırıq. İndi Rusiya tərəfi ilə apardığımız danışıqlarda dəqiq mövqeyimiz mövcuddur. Biz birbaşa tədarük barədə razılığa gələ biləcəyik”.
Nazir, Ukraynanın qaz üçün “siyasi qiymət” ödəməyə razı olmayacağını vurğulayıb. O, əlavə edib ki, Ukrayna ölkə ərazisindən Rusiya qazının tranzitində və bundan gəlir əldə etməkdə maraqlıdır.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında qaz tranzitinə dair mövcud müqavilənin müddəti bu il dekabrın 31-də başa çatır. Bundan əvvəl Rusiya tərəfi həmin müqaviləni növbəti dəfə uzatmağı təklif etmişdi.