Tramp: İran uzunmüddətli nüvə yoxlamalarını qəbul edib

Digər ölkələr
  • 23 iyun, 2026
  • 15:38
Tramp: İran uzunmüddətli nüvə yoxlamalarını qəbul edib

İran uzunmüddətli perspektivdə öz nüvə proqramı üzrə ən yüksək səviyyədə təftişlərin aparılmasına razılıq verib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"Onların etirazlarına və yalan bəyanatlarına, habelə ABŞ-nin qələbəsini cuzi və əhəmiyyətsiz bir şey kimi qələmə vermək üçün əlindən gələni edən saxta medianın davamlı kampaniyasına baxmayaraq, İran gələcək uzun illər ərzində (həmişəlik!!!) nüvə proqramının ən yüksək səviyyədə yoxlanılmasına tam və qeyd-şərtsiz razılıq verib. Əgər onlar buna razı olmasaydılar, gələcək heç bir danışıqlar olmazdı!", - o yazıb.

D.Trampın sözlərinə görə, bundan və İran tərəfindən edilən digər mühüm güzəştlərdən çıxış edərək, o, Hörmüz boğazını açıq saxlamaq və gələcək dəniz blokadasından imtina etmək qərarına gəlib: "Blokadanın bərpası zərurəti yaranacağı təqdirdə bütün gəmilər öz yerlərində qalacaq. Hərçənd hazırkı məqamda bunun olması ehtimalı azdır".

O, həmçinin bildirib ki, ABŞ Maliyyə Nazirliyi tərəfindən (İrana - red.) verilən vəsaitlər və sanksiyaların yumşaldılması Vaşinqtonun nəzarəti altındakı şərti depozit hesabında olacaq və müstəsna olaraq qarğıdalı, buğda və soya lobyası daxil olmaqla, Birləşmiş Ştatlardan ərzaq və tibbi malların alınması üçün istifadə ediləcək.

"İranın bu mallara kəskin ehtiyacı var. Bu, humanitar böhrandır və mən nə qədər ki çox gec deyil, indi kömək etməyi zəruri hesab edirəm. Danışıqlar yaxşı gedir!", - D.Tramp əlavə edib.