Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

Digər ölkələr
  • 15 sentyabr, 2026
  • 21:42
Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

ABŞ Prezidenti Donald Tramp, konservativ çoxluğunun formalaşmasına şəxsən kömək etdiyi Ali Məhkəməni kəskin tənqid edib.

"Report"un verdiyi məlumata görə, dövlət başçısı bu barədə özünün Truth Social sosial şəbəkəsində yazıb.

Tramp Ali Məhkəmənin onun poçt vasitəsilə səsvermə ilə bağlı sərəncamını ləğv etməsi barədə qərarını şərh edib.

ABŞ lideri 2026-cı ildə onun sərəncamlarının ləğvi ilə nəticələnən qərarlara görə hakimləri tənqid edib. Tramp daha əvvəl namizədliyini irəli sürdüyü üç Ali Məhkəmə üzvünün hazırda demokratların nəzarətində olduğunu bildirib. O, onların adlarını açıqlamayıb.

"Bunlar ABŞ Ali Məhkəməsinə namizədləri seçərkən şəxsən söhbət etdiyim insanlar deyil. Onlar özlərinin yalnız kölgəsidir. Bu, şok dərəcədə pis qərarları səbəbindən ABŞ-a trilyonlarla dollara başa gələn bir məhkəmədir. Qərarların miqyası o qədər böyükdür ki, ölkəmizin bərpası və yaralarının sağalması asan olmayacaq", - deyə dövlət başçısı yazıb.

"ABŞ tarixində ən dağıdıcı, ağrılı və zərərli qərarlardan bəzilərini çıxarmış məhkəmə kimi tarixə düşəcək bu Ali Məhkəməni tənqid etmək mənim üçün asan deyil. Yəqin ki, bu tənqid yaxın illərdə mənə baha başa gələcək. Lakin sevdiyimiz Amerika naminə bunu etmək prezident kimi mənim öhdəliyim və borcum olduğuna inanıram!" - deyə Tramp əlavə edib.

ABŞ Prezidenti həmçinin Ali Məhkəməni onun "doğuş turizmi" ilə bağlı sərəncamını və gömrük tariflərinin sərtləşdirilməsi ilə bağlı qərarlarını ləğv etdiyinə görə tənqid edib.

"Bəzi hakimlər bu dəli və pis niyyətli demokratlardan dəhşətə gəlirlər və Amerikamızı xilas etmək üçün zəruri olan cəsarəti göstərməkdən tamamilə acizdirlər", - deyə Tramp bildirib.