Tailandın Baş naziri Prayut Çan-Oçinin iqamətgahı qarşısında dünən keçirilən etiraz aksiyasında yaşanan polislə toqquşmalar zamanı 33 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “ThaiPBS” telekanalı “Eravan” Təcili Tibb Mərkəzinə istinadla məlumat yayıb.
Məlumata görə, 23 polis əməkdaşı və 10 hökumət əleyhinə olan fəal xəsarət alıb. Onların hamısı müxtəlif tibb müəssisələrinə çatdırılıb. Bundan əlavə, bir hüquq-mühafizə orqanı əməkdaşının ürək tutması səbəbindən öldüyü də məlum olub. O, etiraz aksiyasından xəstəxanaya aparılsa da, orada keçinib.
Bu arada polis 22 nümayişçinin saxlandığını açıqlayıb. Onlar fövqəladə hal barədə qərarı, infeksiyanın yayılmasına qarşı mübarizə haqqında qanunu pozmaqda və əmlaka ziyan vurmaqda təqsirləndiriləcəklər.
Fevralın 28-də Qələbə abidəsi yaxınlığında növbəti antihökumət mitinqi başlayıb, minlərlə etirazçı bir gün əvvəldən konteynerlər və tikanlı məftillərlə “hasara alınmış” baş nazirin iqamətgahına doğru yönəlib. Fəallar baş nazirin istefasını, ölkə konstitusiyasına düzəlişlər edilməsini və monarxiyada islahatlar aparılmasını tələb ediblər.