Şərqi Afrika ölkələrində minlərlə qaçqın bölgədə leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən müvəqqəti yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə keçirdiyi brifinqdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) rəsmi nümayəndəsi Olqa Sarrado bildirib.
“Minlərlə insan, o cümlədən qaçqınlar, “El Ninyo” təbiət hadisəsinin səbəb olduğu davamlı leysan yağışlarından və Şərqi Afrikanı cənignə alan şiddətli daşqınlardan əziyyət çəkir”, - o deyib.
Sarrado vurğulayıb ki, Keniyada 380 mindən çox insanın yaşadığı Dadaab düşərgələrində təxminən 20 min qaçqın yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb. Onların bir çoxunun qonşu Somalidəki şiddətli quraqlıqdan xilas olmaq üçün son iki ildə ölkəyə gəldiyi bildirilib.
Burundidə daşqınlardan zərər çəkmiş ərazilərdə 32 minə yaxın qaçqın yaşayır. Qiymətlərin yüksək olması səbəbindən ərzaq və ilkin tələbat mallarına çıxış əldə etmək çətinləşir. Sinif otaqlarına su dolduğundan və tədris materialları məhv olduğundan məktəblər bağlı qalır. Kirayə qiymətlərinin artması səbəbindən bir çox ailə su basmış evlərdə qalmağa məcbur olur. Somalidə 46 mindən çox məcburi köçkün daşqınlar səbəbilə yeni ev tapmağa məcbur olub. Tanzaniyada Nyaruqusu və Nduta düşərgələrində 200-ə yaxın ailə zərər çəkib.
Sarrado qeyd edib ki, BMT QAK qaçqınlara təcili yardım göstərmək üçün yerli hakimiyyət orqanları və tərəfdaşlarla sıx əməkdaşlıq edir. O, iqlim dəyişikliyinin dünyanın bir çox hissəsini - xüsusilə Şərqi Afrika və “Afrika buynuzu” kimi həssas bölgələri getdikcə daha çox yaşayış üçün yararsız hala saldığını vurğulayıb.
BMT QAK rəsmisi Şərqi Afrikadakı daşqınların təbii fəlakətlərə hazırlıqda boşluqlar olduğunu göstərdiyini söyləyib:
“Üstəlik, iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitlər nə məcburi köçkünlərə, nə də onları qəbul edən icmalara çatmır. Yardım göstərilməsə, köçkünlər növbəti məcburi köçkünlük riski ilə üzləşəcəklər”.