Rumıniya və Ukrayna daxili işlər nazirləri Ketelin Predoyu və İhor Klımenko iş görüşünün nəticəsi olaraq fövqəladə halların qabaqlanması, məhdudlaşdırılması və fəsadlarının aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
“Report” xəbər verir ki, bu barədə Balkan ölkəsinin Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Müharibənin əvvəlindən bəri 10 milyondan çox Ukrayna vətəndaşı insidentsiz ölkədən keçib, onlardan 82 mindən çoxu Rumıniya ərazisində qalıb, 146 nəfər sığınacaq istəyib və 100 mindən çoxu beynəlxalq müdafiənin müxtəlif formalarına müraciət edib və DİN bütün bu rəsmiyyətləri uğurla və insidentsiz yerinə yetirib”, – məlumatda qeyd olunur.
Predoyu bildirib ki, Rumıniya perspektivdə ölkədə qalan Ukrayna qaçqınlarına münasibətdə uzunmüddətli kompleks siyasət işləyib hazırlamalı olacaq, çünki uzunmüddətli yaşayış və Rumıniya cəmiyyətinə sosial-iqtisadi inteqrasiya ölkədəki Ukrayna azlığını gücləndirəcək və onun mədəni inteqrasiyası üçün tədbirlər tələb edəcək.
Rumıniyalı nazir vurğulayıb ki, savaş başa çatdıqdan sonra onun ölkəsi Ukraynanın bərpası prosesində yatırımlar və Ukraynanın yenidən qurulması əməliyyatları üçün sərhədlərin yaxınlığında logistik dəstək mərkəzinin təşkili yolu ilə mühüm rol oynamalı və bunun üçün imkanlara malikdir, çünki onun coğrafi mövqeyi bunun üçün strateji cəhətdən əlverişlidir.