Qvineyada Ebola qızdırmasından ölənlərin sayı 9-a çatıb.
“Report” xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının Afrika regional nümayəndəliyi bildirib.
“Hazırda Ebola vurusuna yoluxanlar 18 nəfərdən 9-u ölüb. Həmçinin səhiyyə qurumları yoluxanlarla təmasda olmuş 523 nəfəri müəyyənləşdirib ki, bu da onların ümumi sayının 82 faizidir. Həmçinin 1 604 nəfər peyvənd olunub”, – açıqlamada qeyd olunur.
Qvineyada Ebola virusuna ilk yoluxma hadisəsi Nzerekore regionundakı Quekedu şəhərində bir tibb bacısında qeydə alınıb. Həmin xanım yanvarın 28-də dünyasını dəyişib.
Həmçinin sözügedən ərazidən xeyli uzaqda, Konqo Demokratik Respublikası Şimali Kivu əyalətində də Ebola qızdırmasına 11 yoluxma, o cümlədən 4 ölüm hadisəsi qeydə alınıb. Həmin bölgədə 958 nəfər peyvəndlənib.
Qərbi Afrika ölkələrində 2014-2016-cı illərdə geniş yayılan Ebola qızdırması nəticəsində 11 mindən çox insan dünyasını dəyişib.