Tacikistanla sərhəddə baş verən silahlı münaqişə zamanı Qırğızıstanın 163 vətəndaşı xəsarət alıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Saat 09:00-a (Bakı vaxtı ilə 07:00 - red.) olan məlumata görə, səhiyyə müəssisələrinə daxil olan zərərçəkənlərin ümumi sayı 163 nəfərdir”, - nazirlikdən bildirilib.
Həkimlərin sözlərinə görə, ötən gecə daha 19 zərərçəkən tibbi yardıma müraciət edib, onlardan 12-si ambulator müalicəyə göndərilib.
Hazırda xəstəxanalarda 144 nəfərin müalicəsi davam edir. Zərərçəkənlərin əksəriyyəti Bişkek və Oş əyalətlərinin səhiyyə müəssisələrinə köçürülüb.
Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb və hər iki tərəfdən insan ölümü, xəsarətlərlə nəticələnib. Tərəflər bir-birini silahlı təcavüzdə ittiham edirlər.
Qarşıdurmalarda 59 nəfər həlak olub. Hər iki ölkənin Fövqəladə Hallar nazirlikləri münaqişə zonasından 136 mindən çox insanın təxliyə olunduğunu açıqlayıb.
Hazırda Qırğızıstan və Tacikistan atəşkəs və silahlı qüvvələrin çıxarılması ilə bağlı razılaşmalara əməl edir.
Sentyabrın 19-da Qırğızıstanda milli matəm günü elan edilib.