Polşanın şimalında, Rusiya ilə sərhəddən 165 kilometr aralıda yerləşən Redzikovo şəhərində ABŞ-nin “Aegis” raketdən müdafiə bazasının rəsmi açılışı olub.
“Report” xəbər verir ki, dövlət televiziyasının canlı yayımladığı açılış mərasimində Polşa Prezidenti Anjey Duda və NATO-nun Baş katibi Mark Rutte iştirak edib.
Qeyd olunur ki, Amerikanın Redzikovodakı raketdən müdafiə bazası “AN/SPY-1” radarı, “Mk 41 VLS” buraxılış qurğuları və “SM-3” (“Standard Missile-3”) ballistik raketlərdən ibarətdir.
Açılış mərasimində çıxış edən ABŞ-nin Polşadakı səfiri Mark Bjezinski qeyd edib ki, baza hazırda tam əməliyyat imkanları ilə işləyir. Səfir onu da əlavə edib ki, bu baza ABŞ-nin Polşadakı ilk daimi hərbi bazasıdır.
Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış isə öz növbəsində bildirib ki, raketdən müdafiə bazasının açılması Amerika qoşunlarının “əbədi” Polşada olması deməkdir. “Bu, 1989-cu ildən bəri ən mühüm hadisələrdən biridir”, - o söyləyib.