Pakistan Əfqanıstanın müvəqqəti hökumətinə ölkə ərazisindəki terror qruplaşmaları haqqında kəşfiyyat məlumatları təqdim edib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Pakistan Xarici İşlər Nazirliyinin rəsmisi Mümtaz Zəhra Bəluç deyib.
“Biz Kabula Əfqanıstan ərazisindəki terror qruplaşmaları haqqında kəşfiyyat məlumatlarını göndərmişik və bu məsələ ilə bağlı Əfqanıstan rəsmiləri ilə daim əlaqə saxlayırıq”, - deyə diplomat bildirib.
Qeyd edilib ki, İslamabadda Pakistana qarşı terror hücumları üçün Əfqanıstan ərazisindən istifadə edilməsinin davam etməsi ilə bağlı narahatlıq artır.
“Bununla bağlı narahatlıq bu həftənin əvvəlində terrorçuların Bannu şəhərində Pakistan hərbçilərinə hücumu nəticəsində 10 nəfərin ölümü ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılan Əfqanıstan səfirliyinin nümayəndəsinin diqqətinə çatdırılıb”, - o bildirib.