Nyu-Orleanın mərkəzində Burbon küçəsində Yeni il gecəsi pikapla izdihama çırpılan Şamsud-Din Cabbar əvvəllər Amerika ordusunda xidmət edib.
“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə FTB-nin xüsusi agentinin köməkçisi Alefia Dunkan bildirib.
“Deyə bilərəm ki, o, ordu veteranı idi. Biz onun istefaya göndərildiyini düşünürük, hələ bu mövzu ilə bağlı bütün məlumatların araşdırılması üzərində işləyirik”, – o, mətbuat konfransında deyib.
Dunkan Cabbarın ABŞ Silahlı Qüvvələrində neçə il xidmət etdiyini və hansı səbəbdən istefaya göndərildiyini açıqlamayıb.
Ordunun mətbuat xidmətinin rəsmi nümayəndəsi bildirib ki, Şamsud-Din Cabbar 2007-ci ilin martından 2015-ci ilin yanvarına qədər hərbi xidmətdə kadr və informasiya texnologiyaları üzrə mütəxəssis kimi xidmət edib, 2009-cu ilin fevralından 2010-cu ilin yanvarına qədər bir dəfə Əfqanıstana göndərilib. 2015-ci ilin yanvarında xidmətdən ayrıldıqdan sonra Cabbar 2020-ci ilin iyuluna qədər ehtiyatda olub.
Ordunun məlumatına görə, o, ştab-çavuş rütbəsində xidməti başa vurub.
Orduya daxil olmamışdan əvvəl Cabbar həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrində bir ay xidmət edib. HDQ-nin nümayəndəsi CNN-ə təsdiq edib ki, o, 2004-cü ilin avqustunda xidmətə başlayıb və bir ay sonra tərxis olunub.