Norveç hökuməti Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) gücləndirilməsi üçün 2,7 milyard kron (242,3 milyon dollar) ayıracaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında dərc edilmiş bəyanatda deyilir.
Maliyyə paketi hökumət tərəfindən təsdiqlənib və müdafiə konsernlərindən alınan və ya Norveç ordusunun sərəncamında olan avadanlığın tədarükünü nəzərdə tutur.
Norveçin müdafiə naziri Byorn Arild Qramın sözlərinə görə, maliyyə vəsaitinin ayrılmasında məqsəd Ukrayna qüvvələrinin sahil xətti boyunca minaları aşkar etmək və zərərsizləşdirmək qabiliyyətinin gücləndirilməsidir.
Bundan əlavə, Ukrayna HDQ mənsublarının Rumıniyada təlim keçməsi üçün 130 milyon kron (11,6 milyon dollar) ayrılıb. Norveç həmçinin Ukrayna üçün kiçik gəmilərin alınmasına 150 milyon kron (13,4 milyon dollar) yönəltməyi planlaşdırır.