Bakı. 29 noyabr. REPORT.AZ/ Qahirə Cinayət Məhkəməsi 2011-ci ildə yanvar inqilabı günlərində nümayişçilərin öldürülməsinə dair iş üzrə Misirin sabiq prezidenti Hüsnü Mübarəkə bəraət verib. Bu barədə "Report" "İTAR-TASS"a istinadən xəbər verir.
Bununla yanaşı keçmiş prezident korrupsiya və İsraildə qaz ixracı ilə işdə də bəraət alıb. Bundan başqa, digər müttəhimlər - keçmiş DİN rəhbəri Həbib əl-Ədli və bir qrup yüksək rütbəli polis məmurları da təqsirsiz hesab ediliblər.
Məhkəmənin qərarı qəti deyil, proses tərəfləri qərara qarşı şikayət verə bilər.
H.Mübarək və Misirin sabiq daxili işlər naziri Həbib əl-Ədli 2012-ci ilin iyun ayının 2-də Qahirə Cinayət Məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum ediliblər, lakin 2013-cü il yanvar ayının ortalarında Misir Kassasiya Məhkəməsi sabiq prezidentin vəkilinin məhkəmə hökmünə qarşı verdiyi apelyasiyasını təmin edib və işə yenidən baxılmasına qərar verib. Hüsnü Mübarək ona qarşı irəli sürülmüş bütün ittihamları təkzib edir.