Meksikanın Çiuahua ştatının Syudad Xuares şəhərində vida mərasiminə iki ayrı silahlı hücum təşkil edilib.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, hücumlar nəticəsində aralarında 12 yaşlı yeniyetmə və 2 qadın olmaqla ümumilikdə 9 nəfər həyatını itirib, daha 2 nəfər yaralanıb. Birinci hücumun mərasim evinə edildiyi, 3 nəfərin həyatını itirdiyi bildirilir.
Qeyd edilir ki, az sonra vida mərasiminin təşkil olunduğu kilsəyə ikinci hücum olub və 6 nəfər öldürülüb, 2 nəfər yaralanıb.
Ştatın Baş Prokurorluğundan verilən açıqlamada hadisə ilə bağlı təhqiqatın başlanıldığı bildirilir.
Syudad Xuares şəhəri narkokartellərinin aktiv olduğu yer kimi tanınır. Ötən il şəhərdə 1 400-dən çox qətl hadisəsi qeydə alınıb.